Xalq şairi Bəxtiyar Vahabzadə deyir ki...
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Bu misraları üçrəngli Azərbaycan bayrağının hər birimizin qəlbində oyatdığı vətənpərvərlik duyğularının ən lakonik ifadəsidir. Bu müqəddəs rəmz sadəcə bir parça deyil, xalqımızın azadlıq iradəsini, dövlətçiliyimizin əzəmətini və əsrlərlə çəkilən müstəqillik həsrətinin sonunu simvolizə edir.
Özündə vətənpərvərlik ruhunu əks etdirən çoxlu sayda, fotolar, kadrlar, rəsmlər var. Amma bəzi görüntülər var ki, baxanda – bax, qəhrəmanlıq budur, vətən sevgisi, bayraq sevgisi budur deyirsən. Natiq Qasımovun fotosu bu anlayışı tam qarşılayır. Rus jurnalisti özü də bilmədən Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək lentə ala bilib. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli bayrağımızla məğrurcasına addımladığı əks olunub.

Bax budur bayraq sevgisi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil, o, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir". Bu ali dəyəri tamamlayan Prezident İlham Əliyev isə bayrağımızın bizim qürur mənbəyimiz, canımız və ürəyimiz olduğunu vurğulayıb. İllər boyu istiqlal mücadiləsinin ümid işığı olan bu rəmz, 2020-ci ilin Vətən müharibəsində yurdumuzun qəhrəman oğullarının qanı bahasına ucalaraq qalibiyyətin əbədi nişanəsinə çevrildi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikcə, üçrəngli bayraq 28 illik həsrətdən sonra yenidən doğma yurd yerlərinə qayıtdı. Azərbaycan əsgəri onu Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Hadrutda, Mincivanda, Ağbənddə və Suqovuşanda qürurla dalğalandırdı. Həmin unudulmaz günlərdə yaddaşlara həkk olunan ən simvolik anlardan biri Suqovuşanda yaşandı. Əsgər İlkin Fərzəliyev separatçıların qondarma qurumuna aid bez parçasını endirərək, yerinə Azərbaycan bayrağını taxdı və bu tarixi anların videosu hər bir soydaşımızın rəqəmsal yaddaşına köçdü.

Az sonra, 8 noyabr Zəfər Günündə bu müqəddəs rəmz Şuşanın başıüzərində ucaldıldı və bu xəbər yüz minlərlə insanı əllərində bayraqlarla küçələrə tökərək vahid bir zəfər selinə çevirdi. Üçtərəfli bəyanatın ardınca isə noyabrın 20-də Ağdam şəhərinin mərkəzində ucaldılan bayrağımız dövlət himninin sədaları altında Ali Baş Komandana hesabat verən ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Bayrağımızın zəfər yürüşü bununla bitmədi. 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatından sonra Azərbaycan əsgəri Xocalıda düşməndən təmizlənmiş döyüş postuna bayrağımızı sancaraq səmada "Qarabağ Azərbaycandır!" şüarını əks-səda doğurdu.

Həmin ilin oktyabrın 15-də isə dövlət başçısı İlham Əliyev şəxsən Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltmaqla ölkənin suverenliyinin tam bərpa olunduğunu möhürlədi. Nəhayət, 8 noyabrda Xankəndi şəhərində keçirilən tarixi hərbi paradda həmin üçrəngli bayrağın nümayiş etdirilməsi ilə Azərbaycanın qürur rəmzi bir vaxtlar separatizmin yuvası olan meydanları fəth edərək milli tariximizin ən şanlı və əbədi zirvəsinə ucaldı.

