Modern.az

Qlobal təhlükəsizliyin keşiyində: Azərbaycan sülhməramlılarının şanlı missiyası

Qlobal təhlükəsizliyin keşiyində: Azərbaycan sülhməramlılarının şanlı missiyası

Ölkə

Bu gün, 19:45

Birləşmiş Millətlər Təşkilatının (BMT) 1948-ci ildə təsis etdiyi Sülhməramlı Qüvvələr dünyadakı münaqişələrin qarşısını almaq və böhranları qısamüddətli də olsa dondurmaq məqsədi daşıyır. 

Modern.az Azərbaycan hərbçilərinin xaricdəki sülhməramlı missiyaları haqqında araşdırma yazısını təqdim edir. 

Azərbaycan Silahlı Qüvvələrinin tərkibində ilk sülhməramlı bölük 1997-ci ildə qurulub, 2001-ci ildə isə bu qüvvələr tabor səviyyəsinə qaldırılıb. Ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyasında da qeyd olunduğu kimi, NATO qüvvələri ilə uzlaşma və beynəlxalq mandatlı əməliyyatlarda iştirak müdafiə siyasətimizin əsas prioritetlərindəndir. Hərbçilərimiz bu çərçivədə bir çox qlobal missiyaları uğurla tamamlayıblar.

Kosovo missiyası: Türkiyə ilə çiyin-çiyinə
1999-cu ilin sentyabrından etibarən Azərbaycan əsgəri NATO şəmsiyyəsi altında Kosovoda xidmətə başladı. Türkiyə taborunun tərkibində, əsasən Draqaş bölgəsində xidmət edən 34 nəfərlik taqımımız 18 kəndin təhlükəsizliyinə birbaşa cavabdeh idi. 2008-ci ilə qədər bu bölgədə ümumilikdə 362 hərbi qulluqçumuz fəaliyyət göstərdi və Kosovonun müstəqillik elanından sonra kontingentimiz vətənə qayıtdı. NATO rəhbərliyi Azərbaycanın bu missiyadakı fərqli və peşəkar mövqeyini xüsusi qeyd etmişdi.

İraq: Strateji obyektlərin etibarlı mühafizəsi
2003-2008-ci illərdə Azərbaycan sülhməramlıları İraqda Beynəlxalq Koalisiya Qüvvələrinin tərkibində yer aldılar. 151 nəfərlik şəxsi heyətimiz ABŞ Dəniz Piyadalarının komandanlığı altında ölkənin elektrik ehtiyacının rübdə birini təmin edən həyati əhəmiyyətli Hadita su anbarını və SES-i qoruyurdu. Beş il ərzində 1000-dən çox əsgərimizin növbəli xidmət etdiyi bu missiyada nizam-intizamımız amerikalı generallar tərəfindən yüksək qiymətləndirildi. İraq missiyasında 1 azərbaycanlı hərbçi şəhid olub.

Əfqanıstan: Kabildən çıxan sonuncu qəhrəmanlar
2002-ci ildən başlayan Əfqanıstan missiyasında (ISAF) Azərbaycan əvvəlcə 22 nəfərlik taqımla təmsil olunsa da, sonradan bu say artırılaraq bölük səviyyəsinə çatdırıldı. Hərbçilərimiz Kabildə strateji obyektlərin və sursat anbarlarının mühafizəsini təmin edirdilər. 2015-ci ildən isə 94 nəfərlik kontingentimiz Kabil Beynəlxalq Hava Limanının qorunmasına cəlb olundu. 2021-ci ildə NATO qoşunları Əfqanıstanı tərk edərkən, Azərbaycan əsgərləri ərazidən çıxan ən sonuncu kontingentlərdən biri oldu. ABŞ rəsmiləri azərbaycanlıların bu cəsarətini və çiyin-çiyinə döyüşmək sadiqliyini qlobal terrorizmlə mübarizədə ən yüksək tərəfdaşlıq nümunəsi adlandırıblar.

Beynəlxalq təcrübə və ordumuzun gücü
Sülhməramlı kontingentə hər zaman xarici dil bilən, intellektual və fiziki cəhətdən ən hazırlıqlı kadrlar seçilir. Uzun illər real müharibə şəraitində bərkiyən Azərbaycan zabitləri üçün fors-major vəziyyətlərdə doğru qərar vermək heç də çətin olmayıb. Bu qlobal əməliyyatlar ordumuzun döyüş qabiliyyətini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq arenada etibarlı və strateji bir tərəfdaş imicini daha da möhkəmləndirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada