Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafında xüsusi xidmətləri olan, üçrəngli bayrağımızı ilk dəfə Vətən səmasına çəkən şəhid pilot polkovnik-leytenant Fəxrəddin Əsgərovun doğum günüdür.
Modern.az xəbər verir ki, Fəxrəddin İlham oğlu Əsgərov 29 iyun 1974-cü ildə Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Təhsilini Qazax rayon Səməd Vurğun adına 2 saylı tam orta məktəbin rus bölməsində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. 1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək hərbi təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik Akademiyasına göndərilib. 1996-cı ildə ali təhsilini yüksək göstəricilərlə başa vurub.
1996-2008-ci illərdə Azərbaycan Ordusunda yüksək peşəkarlıq və vətənpərvərliklə xidmət edərək baş təyyarəçi vəzifəsindən qərargah rəisi və hərbi hissə komandiri vəzifələrinədək yüksəlib. Hərbi təyyarəçi kimi xidmət etdiyi dövrdə L-39, SU-17, SU-25 və MİQ-29 tipli döyüş təyyarələrini idarə etməyi qısa müddətdə mənimsəyib, Azərbaycanda gənc pilotların yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak edib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra hava sərhədi ilk dəfə pozularkən (2001-ci ildə İran tərəfindən) pozucu qüvvələrin üzərinə göndərilən hərbi pilot Fəxrəddin Əsgərov olub. O, 2004, 2006 və 2007-ci illərdə hərbi təyyarələrimizin paytaxt səmasında və Xəzər dənizi üzərində keçirdiyi nümayişlərin təşkilində və icrasında yüksək fəallıq göstərib, dövlət bayrağımızın rəsmini Vətən səmasına çəkən ilk pilotlarımızdan biri olub.
2005-ci ildə, 31 yaşında polkovnik-leytenant hərbi rütbəsinə yüksəlib. Xidmət müddətində 24 iyun 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı, 25 iyun 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin adından müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif edilib.
Xidmət etdiyi illərdə müxtəlif vaxtlarda Türkiyədə, Macarıstanda, ABŞ-də, Ukraynada və BƏƏ-də xarici ezamiyyətlərdə olub.
Polkovnik-leytenant Fəxrəddin Əsgərov 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi ilə təlim uçuşu keçirən zaman qəzaya uğrayıb.
Hadisədən bir neçə gün sonra təyyarədə olan digər pilot, kapitan Əfqan Aslanovun meyiti tapılsa da, Fəxrəddin Əsgərovun nəşi bu günə qədər tapılmayıb.
2008-ci il yanvarın 29-da döyüş hazırlığı planına uyğun olaraq kapitan Əfqan Aslanovla birlikdə MİQ-29 hərbi təyyarəsi ilə təlimatçı qismində hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətində qəzaya uğraması nəticəsində şəhid olub. Aparılan axtarışlar zamanı digər pilotun nəşi tapılıb və II Fəxri xiyabanda dəfn edilib. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmayıb.
Qeyd edək ki, bu il şəhid pilot Fəxrəddin Əsgərovun xanımı Ramilə Əsgərovanın təşəbbüsü, Azərbaycan Hərbi Hava Qüvvələri və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazax rayonundan olan üç şəhid pilotun - Fəxrəddin Əsgərov, Fərrux Ağa Qayıbov və Yaşar Əhmədovun əziz xatirəsinə həsr olunan abidə ucaldılıb. "Sonuncu uçuş" adlanan abidə qəhrəman pilotların xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Həyatını Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafına həsr edən Fəxrəddin Əsgərov 33 yaşında sözün əsl mənasında canını təmənnasız şəkildə Vətən uğrunda verib.
Fəxrəddin Əsgərovun təlim keçdiyi və uçmağı öyrətdiyi pilotlar Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızın azad edilməsində mühüm rol oynayıblar. Onun təlim keçdiyi hərbçilərin bir qismi hazırda Azərbaycan Ordusunda general rütbəsinə yüksəlib və Vətənə xidmətlərini davam etdirirlər.
Fəxrəddindən yadigar qalan iki övladı isə bu gün ali təhsilli gənclər kimi yetişib.






