Modern.az

Elm sahəsində hələ görüləsi işlər var - Hafiz Paşayev

Elm sahəsində hələ görüləsi işlər var - Hafiz Paşayev

Ölkə

Bu gün, 17:00

İyunun 30-da ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə 9-cu ADA Beynəlxalq Təhsil Konfransının rəsmi açılış mərasimi baş tutub.

Modern.az-ın məlumatına görə, "Pedaqoji transformasiya dövründə öyrətmə və öyrənmə" mövzusuna həsr olunmuş builki konfransda süni intellektin yüksəlişi, milli inkişaf prioritetləri, əmək bazarının yeni tələbləri və müasir təhsil ekosisteminin qurulması kimi aktual çağırışlar ətrafında geniş müzakirələr aparılıb.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin Strategiya və inkişaf üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədri professor Vəfa Kazdal tədbirin əsas məqsədi və hədəfləri barədə ətraflı məlumat verib. Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Elm və təhsil naziri Emin Əmrullayev tədbir iştirakçılarını salamlayaraq strateji hədəfləri açıqlayıblar.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında müasir təhsildəki strateji hədəfləri vurğulayaraq bildirib ki, ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində istedadlı gənclərimiz ölkəni tərk etmədən yüksək səviyyəli təhsil almaq imkanı əldə edirlər. Təhsilin iki mühüm funksiyasını qeyd edən nazir, gənclərə fundamental bilik və bacarıqların qazandırılması ilə yanaşı, onlara milli və bəşəri dəyərlərin də aşılanmasının zəruriliyini diqqətə çatdırıb.

ADA Universitetinin rektoru Hafiz Paşayev isə öz növbəsində keyfiyyətli təhsil mühitinin yaradılmasının əhəmiyyətinə toxunub. Rektor vurğulayıb ki, müəllimlər elmi tədqiqatlara başlamazdan əvvəl kifayət qədər praktiki təcrübə toplamalı və araşdırmalarını məhz öz təcrübələrinə, eləcə də mövzuya olan maraqlarına əsasən aparmalıdırlar. Keçmişdə müəllimlərin daha ağır və çətin şəraitdə işlədiklərini xatırladan rektor, hazırda təhsil sahəsində mühüm irəliləyişlərin olduğunu, lakin elm sahəsində hələ də görüləsi işlərin qaldığını bildirib.

Konfransın əsas məruzəçisi, Honkonq Təhsil Universitetinin professoru Dr. Yusuf Oldac “Generativ Süni İntellekt dövründə əhəmiyyətli biliklər istehsal edən ali təhsil sistemlərinin qurulması: İnkişaf etməkdə olan dünyadan meyllər və dərslər” mövzusunda təqdimatla çıxış edərək qlobal trendləri diqqətə çatdırıb.

Proqram çərçivəsində paralel elmi sessiyalarla yanaşı, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə iki mühüm panel müzakirəsi təşkil olunub. 

ADA Universitetinin professoru Azər Əbizadənin moderatorluğu ilə keçən “ADA Universitetində Tədqiqat Ekosisteminin Yaradılması: Gələcəyə Doğru Addımlara dair Düşüncələr” mövzusundakı ilk panel müzakirəsində Kanzas Dövlət Universitetinin dosenti Səbuhi Sərdarlı, Kolumbiya Universitetinin dosenti Cavid Hüseynov, Corc Vaşinqton Universitetinin professoru Sevinc Məmmədova və ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı professor Azər Babayev çıxış edərək öz rəy və təkliflərini bölüşüblər.
Professor Vəfa Kazdalın moderatorluğu ilə baş tutan “Azərbaycanda ibtidai və orta təhsilə nəsillərarası baxış: Direktorların, müəllimlərin və valideynlərin səsləri” adlı ikinci paneldə isə fərqli tərəflərin gözü ilə ümumi təhsilin gələcəyi qiymətləndirilib.

Konfrans boyu "Sürətlə dəyişən mühitdə gələcəyin bacarıqları hansılardır?", "Hər kəs üçün əlçatan və sosial reallıqları nəzərə alan kurikulumlar necə qurulmalıdır?" və "Təhsil icması yeni çağırışlara necə cavab verməlidir?" kimi suallara cavab axtarılıb.

Tədbirin yekun məruzəsi ilə çıxış edən Qlobal Təhsil üzrə Ekspert, Britaniya İmperiyası Ordeni (OBE) mükafatçısı professor Ger Qraus “Sual nə olursa olsun, təhsil hər zaman cavabdır” fəlsəfəsi ilə konfransın əsas ideyasını ümumiləşdirib.

Qeyd edək ki, iki gün davam edən konfransa 8 ölkədən 235-dən çox iştirakçı — təhsil ekspertləri, dövlət rəsmiləri, müəssisə rəhbərləri, müəllimlər və tələbələr qatılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada