Modern.az

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Ölkə

Bu gün, 17:55

2025-ci ildə turagent və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı rekord göstəriciyə çatıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm" məcmuəsində yer alıb. 

Məlumata görə, ötən il turizm şirkətləri vasitəsilə xaricə 75 min 746 Azərbaycan vətəndaşı səfər edib. Bu, 2024-cü illə müqayisədə 951 nəfər və ya 1,3 faiz çoxdur. Azərbaycanlı turistlərin xaricdə keçirdiyi ümumi səyahət müddəti isə 505 min 652 tur-gün təşkil edib. Bu göstərici bir il əvvəl 470 min 796 tur-gün olub.

Ən çox səfər edilən ölkə yenə də Türkiyə olub. Belə ki, 2025-ci ildə 56 min 911 Azərbaycan vətəndaşı turizm şirkətlərinin vasitəçiliyi ilə Türkiyəyə gedib. Onların ümumi səyahət müddəti 413 min 932 tur-gün təşkil edib.

Türkiyədən sonra ən çox səfər edilən istiqamətlər arasında Misir xüsusi yer tutur. Ötən il bu ölkəyə 5 min 991 nəfər səfər edib və onların səyahət müddəti 45 min 729 tur-gün olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Misirə 2 min 658 nəfər səfər etmişdi. Beləliklə, bir il ərzində bu istiqamət üzrə turist sayı 2,3 dəfə artıb.

Ötən il digər ölkələrə 5 min 844, Birləşmiş Ərəb Əmirliklərinə 1 144, İtaliyaya 619, Rusiyaya 592, Özbəkistana 554 və Hindistana 481 Azərbaycan vətəndaşı səfər edib.

Bununla yanaşı, Türkiyəyə səfərlərin sayında cüzi azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə bu ölkəyə 57 min 238 nəfər getdiyi halda, 2025-ci ildə bu rəqəm 56 min 911 nəfər olub.

Statistika göstərir ki, son illər Azərbaycan vətəndaşlarının turizm şirkətləri vasitəsilə xaricə səfərlərinin sayı sürətlə artır. Belə ki, 2022-ci ildə bu göstərici 15 min 659 nəfər, 2023-cü ildə 28 min 229 nəfər, 2024-cü ildə isə 74 min 795 nəfər təşkil edib. 2025-ci ildə isə ilk dəfə olaraq təşkil olunmuş xarici səfərlərin sayı 75 min nəfəri keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada