Dünyəvi dövlət prinsipinin qorunması unitar dövlət qədər önəmlidir
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycanın dünyəvi dövlət prinsipinin qorunması ölkənin unitar dövlət quruluşunun qorunması qədər vacib məsələdir. Onun sözlərinə görə, son dövrlər xüsusilə cənubdan, qərbdən və azərbaycanlıların yaşadığı müxtəlif xarici ölkələrdən bu prinsipə mənfi təsir göstərən meyillər müşahidə olunur.
Fazil Mustafa qeyd edib ki, bu cür hallara artıq ölkə daxilində də rast gəlinir. O, yaxın vaxtlarda keçirilən qaydasız döyüş yarışını nümunə göstərərək bildirib ki, Azərbaycanı təmsil edən idmançı meydana milli musiqi əvəzinə mərsiyə sədaları altında çıxıb, zalı da həmin sədalara qoşaraq dini ideoloji təbliğat aparıb. Deputatın sözlərinə görə, idmançı qələbədən sonra da Azərbaycan bayrağını deyil, bəzi ölkələrdə populyar olan dini ideoloji şüarlar səsləndirib.
Deputat vurğulayıb ki, bu cür halların artması gələcəkdə Azərbaycanın dünyəvi dövlət mahiyyətinin və prinsiplərinin zədələnməsinə səbəb ola bilər.
Fazil Mustafa əlavə edib ki, informasiya qanunvericiliyində rəqəmsal müdafiə texnologiyaları ilə bağlı müddəalar hazırlanarkən dünyəvi dövlət prinsipinin qorunması da əsas istiqamətlərdən biri kimi nəzərə alınmalıdır.
Xatırladaq ki, bir neçə gün öncə Bakıda UFC turniri baş tutub. Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələrək qələzə qazanıb.