Modern.az

Binəqədidə qazıntı xaosu bu tarixdə bitəcək: MİDA açıqladı

Binəqədidə qazıntı xaosu bu tarixdə bitəcək: MİDA açıqladı

Ölkə

Bu gün, 13:37

Binəqədi rayonu, Binəqədi şossesində aparılan yenidənqurma və qazıntı işləri sürücülərin və sakinlərin ciddi narazılığına səbəb olub.

Modern.az-a daxil olan vətəndaş şikayətində bildirilir ki, ötən il də sözügedən ərazidə yolun böyük bir hissəsi dağıdılaraq boru xətləri yenilənib. Sakinlərin sözlərinə görə, bir neçə ay davam edən və "Dərnəgül 1" ilə Biləcəri-Baksol yolu kəsişməsinə qədər uzanan həmin işlər səbəbindən bütün yay boyu günün istənilən saatında yolda tıxaclar yaranıb. Ötən ilin sonlarına yaxın yekunlaşan qazıntı işlərinə bu günlərdə yenidən start verilib. 

Məsələyə aydınlıq gətirmək üçün ilk növbədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciət etdik. Qurumdan saytımıza bildirildi ki, ərazidə görülən işlər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən aparılmır və məsələ Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) aiddir.

Mövzu ilə bağlı MİDA-ya ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, problem Binəqədi yaşayış kompleksinin xarici məişət-kanalizasiya xəttinin inşası ilə bağlıdır:

"Sözügedən layihə çərçivəsində ötən il kanalizasiya xətti çəkilmiş və müvəqqəti olaraq mövcud xəttə qoşulmuşdur. Kanalizasiya kollektoruna daimi qoşulmanın təmin edilməsi üçün xəttin qalan 21 metrlik hissəsinin inşası zəruri olduğundan, 06.07.2026-cı il tarixində işlərə yenidən başlanılmışdır. Hazırda xəttin kanalizasiya kollektoruna daimi qoşulması istiqamətində işlər davam etdirilir və qısa müddətdə başa çatdırılması nəzərdə tutulur".

Qurum işlərin tam yekunlaşma tarixinə təsir edən maneələri də qeyd edib:

"Ərazidə mövcud kommunikasiya xətlərinin sıxlığı və qruntun mürəkkəb geoloji xüsusiyyətləri səbəbindən işlərin dəqiq başa çatdırılma tarixini müəyyən etmək mümkün deyil. Bununla belə, plana uyğun olaraq işlərin 15 gün müddətində başa çatdırılması nəzərdə tutulur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV