Modern.az

Bu il 19 nəfər boğulmaqdan xilas edilib - RƏSMİ 

Bu il 19 nəfər boğulmaqdan xilas edilib - RƏSMİ 

Ölkə

Bu gün, 14:38

Cari ilin əvvəlindən indiyədək 19 nəfər suda boğulma təhlükəsindən xilas olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Modern.az-ın sorğusuna cavab olaraq məlumat verib.

Bildirilib ki, həmin şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas ediliblər.

“Xilas edilən şəxslərdən 13-ü çimərlik mövsümü dövründə xilas olunub. Xilasedicilərin nəzarət etdiyi rəsmi çimərliklərdə isə indiyədək ölümlə nəticələnən hər hansı boğulma hadisəsi qeydə alınmayıb”, – məlumatda qeyd olunub.

Nazirlik vurğulayıb ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar hələ də çimmək üçün nəzərdə tutulmayan ərazilərdən istifadə edirlər. Xüsusilə uşaq və yeniyetmələrin kanal, çay, arx, süni göl və digər nəzarətsiz su hövzələrinə daxil olması bəzi hallarda faciəvi nəticələrə səbəb olur.

Verilən məlumata görə, suda bədbəxt hadisələrə səbəb olan əsas risk faktorları çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan yerlərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul etdikdən sonra çimmək və uşaqların nəzarətsiz buraxılmasıdır.

Nazirlik qeyd edib ki, rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur. Bu ərazilərdə peşəkar xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, zəruri avadanlıqlar və ilkin tibbi yardım vasitələri mövcuddur. Nəzarətsiz çimərliklərdə isə belə imkanlar olmadığından, fövqəladə hallara operativ müdaxilə xeyli çətinləşir.

FHN vətəndaşları yalnız nəzarət olunan və xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdən istifadə etməyə çağırır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV