Modern.az

Tərəvəz toxumu istehsalı 1 faizə belə çatmır

Tərəvəz toxumu istehsalı 1 faizə belə çatmır

Ölkə

Bu gün, 12:24

Azərbaycanda toxumçuluq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və idxaldan asılılığın azalmasına xidmət edəcək.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov "Toxumçuluq haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına həsr olunmuş müşavirədə müəyyən etdiyi strateji hədəflər və təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" aqrar sektorun inkişafı üçün əsas yol xəritəsidir.

Onun sözlərinə görə, proqramın prioritet istiqamətlərindən biri toxumçuluq və damazlıq potensialının gücləndirilməsidir.

V.Bayramov qeyd edib ki, Dövlət Proqramında toxum istehsalının artırılması, bu sahədə özünütəminatın yaxşılaşdırılması, keyfiyyətə və toxum dövriyyəsinə nəzarətin müasir mexanizmlərlə təmin edilməsi əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

Deputat bildirib ki, müzakirə olunan qanun layihəsi məhz toxumçuluq sahəsində normativ hüquqi bazanın möhkəmləndirilməsinə, beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sisteminin formalaşdırılmasına və damazlıq işi üzrə uçot, seleksiya və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaradacaq.

Vüqar Bayramov vurğulayıb ki, beynəlxalq təcrübəyə əsasən, tərəvəz məhsullarının maya dəyərində toxum xərclərinin payı təxminən 10 faiz təşkil edir, orqanik məhsullarda isə bu göstərici daha yüksəkdir.

"Bu baxımdan toxumçuluğun inkişafı bir tərəfdən kənd təsərrüfatı məhsullarının maya dəyərinin azalmasına, digər tərəfdən isə məhsuldarlığın yüksəlməsinə səbəb olacaq", – deyə deputat bildirib.

O, Azərbaycanda toxum ehtiyatlarının mövcud vəziyyətinə də diqqət çəkib. Bildirib ki, ölkədə buğda ehtiyatı 3,343 milyon ton, istehsal 1,649 milyon ton olduğu halda, toxumluq buğda cəmi 111,4 min ton təşkil edir. Bu isə toxumluq buğdanın ehtiyatlarda 3,3 faiz, istehsalda isə 6,7 faiz paya malik olduğunu göstərir.

Deputat əlavə edib ki, tərəvəz məhsulları üzrə ehtiyat 2,237 milyon ton, istehsal 1,838 milyon ton olduğu halda, toxum cəmi 1 063 ton təşkil edir. Bostan məhsullarında isə 490 min tondan çox istehsala qarşı toxumluq məhsulun həcmi cəmi 290 tondur.

Vüqar Bayramovun sözlərinə görə, bu göstəricilər toxum istehsalının artırılmasına ciddi ehtiyac olduğunu göstərir.

"Bu, həm Dövlət Proqramının əsas hədəflərindən biridir, həm də idxaldan asılılığın azalmasına xidmət edəcək. İstehsalın genişləndirilməsi və idxalın azaldılması toxumçuluq sahəsində əsas məqsədlərdir. Hüquqi bazanın möhkəmləndirilməsi isə bu hədəflərə çatmağa mühüm dəstək verəcək", – deyə deputat vurğulayıb.
 

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!