İcbari tibbi sığorta fondunun hüquqi statusunun dəqiqləşdirilməsi və elektron resept sisteminin qanunda daha aydın şəkildə əksini tapması ilə bağlı təkliflər irəli sürüb.
Modern.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihələrinin müzakirəsi zamanı "İcbari tibbi sığorta fondu" anlayışı ilk dəfə əsas anlayışlara daxil edilir, eyni zamanda fondun sərhədləri və formalaşma mənbələri daha aydın şəkildə müəyyənləşdirilir.
Vüqar Bayramov təklif edib ki, qanunun 1.1.18-ci maddəsi "icbari tibbi sığorta fondu – səhiyyə xidmətlərinə universal çıxışı təmin etmək məqsədi ilə dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu" redaksiyasında verilsin.
Deputat qeyd edib ki, "səhiyyə xidmətlərinə universal çıxışı təmin etmək məqsədi ilə" ifadəsinin əlavə olunması fondun ünvanlığını və əsas missiyasını daha dəqiq müəyyən etmiş olacaq.
"Son üç ildə fondun büdcə göstəricilərinin təhlili bəzi hallarda vəsaitlərin səhiyyə sisteminə yönəldilməsi əvəzinə qalıq kimi saxlanıldığını göstərir. 2023-cü ildə fondun xərcləri 2 milyard 393 milyon manat, 2024-cü ildə 2 milyard 850 milyon manat, 2025-ci ildə isə 2 milyard 941 milyon manat təsdiqlənib.
Vüqar Bayramov vurğulayıb ki, 2025-ci ildən başlanılan və bu il daha da sürətlənən struktur və kadr islahatları fondun büdcəsinin strukturuna birbaşa təsir göstərib.
"Belə ki, İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsinin xərcləri 2 milyard 621 milyon manat məbləğində təsdiq edilib. Fondun büdcə gəlirləri 1 milyard 976 milyon manat olsa da, 2026-cı il xərclərinin maliyyələşdirilməsi üçün əvvəlki illərdə istifadə olunmamış vəsaitdən 645 milyon 460 min manat ayrılıb".
Deputatın sözlərinə görə, həyata keçirilən sistemli islahatlar dövlət büdcəsindən ayrılan vəsaitə qənaət edilməsinə də imkan yaradıb. O bildirib ki, əgər 2025-ci ildə dövlət büdcəsindən fonda 1 milyard 416 milyon manat ayrılması nəzərdə tutulurdusa, bu il dövlət büdcəsi hesabına sığortalanmaya 900 milyon manat yönəldiləcək.
"Əvvəlki illərin qalıq vəsaiti hesabına yalnız dövlət büdcəsindən fonda ayırmalarda 516 milyon manat qənaət etmək mümkün olacaq. Fondun öz gəlirlərində də artım müşahidə olunur. Onun sözlərinə görə, 2025-ci ildə işəgötürənlər və işçilər tərəfindən ödənilən icbari tibbi sığorta haqları 909 milyon manat təsdiq olunmuşdusa, 2026-cı ildə bu göstərici 1 milyard manatdan çox olacaq. O hesab edir ki, bunun nəticəsində dövlət büdcəsindən fonda ayırmalar azalacaq, fondun öz gəlirləri isə artacaq və bu da büdcənin dayanıqlığını daha da gücləndirəcək" - o bildirib.
Vüqar Bayramov bildirib ki, icbari tibbi sığortanın idarə olunması sahəsində aparılan struktur və kadr islahatları vəsaitlərin daha səmərəli istifadəsinə imkan yaradır. Onun sözlərinə görə, bu prosesdə səmərəlilik, şəffaflıq və əlçatanlıq prinsiplərinin tətbiqi daha da gücləndirilir.
Deputat qanun layihəsinin 15-3.5-ci maddəsinə də dəyişiklik təklif edib. O bildirib ki, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən yalnız qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə ötürülmüş elektron resept əsasında verilməsinə icazə verilməsi məqsədəuyğundur.
Vüqar Bayramov qeyd edib ki, qanun layihəsinə əlavə edilən 15-27-ci maddə icbari tibbi sığorta ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur. Onun fikrincə, bu, elektron resept anlayışının qanunda ayrıca əks olunmasını və müvafiq maddəyə daxil edilməsini zəruri edir.