Milli Hematologiya və Transfuziologiya İnstitutunun yerləşdiyi Mirəli Qaşqay küçəsində tibb müəssisəsinə gələn xəstələrin nəqliyyat vasitələrindən rahat minib-düşməsi üçün şəraitin olmaması narazılıq yaradıb.
Modern.az-a müraciət edən vətəndaşlar bildiriblər ki, xəstəxananın qarşısında maşınların dayanması və xəstələrin düşürülməsi üçün kifayət qədər ərazi yoxdur. İddiaya görə, daha əvvəl həmin ərazidə xüsusi minib-düşmə zonası mövcud olsa da, sonradan həmin nişanlanma xətləri silinib və parklanma üçün ayrılıb.
Məsələ ilə bağlı sorğumuzu cavablandıran AYNA-nın Media ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Günay Elşadqızı bildirib ki, qurum tərəfindən Bakı şəhərinin inzibati ərazisindəki tibb və sosial xidmət müəssisələrinin ətrafında minib-düşmə və taksi duracaqlarının təşkili işləri davam etdirilir:
"Sözügedən ərazidə minib-düşmə yerinin yaradılmasının mümkünlüyü ilə bağlı tərəfimizdən təhlil aparılacaq".
Baş mütəxəssisin sözlərinə görə, adıçəkilən küçədə əvvəllər də xüsusi minib-düşmə yeri olmayıb. AYNA əməkdaşları tərəfindən 2026-cı il iyunun 24-də əraziyə keçirilən baxış zamanı mövcud parklanma xətlərinin qanunsuz şəkildə silindiyi müəyyən edilib və həmin tarixdə parklanma nişanlanması yerində bərpa olunub.