Azərbaycanda orta təbəqənin genişlənməsi, bu təbəqəyə daxil olan peşələr və onun iqtisadi inkişafdakı rolu son illər daha çox müzakirə olunan mövzulardandır.
Deputat Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, hər bir dövlət üçün orta təbəqənin güclü olması strateji əhəmiyyət daşıyır.
"Çünki güclü orta təbəqə güclü dövlət deməkdir. Azərbaycanda da orta təbəqənin gücləndirilməsi həm sosial siyasətin, həm də iqtisadi strategiyanın əsas istiqamətlərindən biridir. Bu məqsədlə həyata keçirilən sosial paketlər və iqtisadi aktivliyin artırılmasına yönələn tədbirlər orta təbəqənin həm cəmiyyətdəki payının, həm də sayının artmasına xidmət edir", – deyə deputat bildirib.

Vüqar Bayramovun sözlərinə görə, beynəlxalq praktikada orta təbəqə adətən orta və ondan yüksək gəlir əldə edən, gündəlik xərclərini qarşılamaqla yanaşı, yığım etmək imkanı olan vətəndaşları əhatə edir.
"Orta təbəqənin əsas xüsusiyyətlərindən biri gəlirləri hesabına həm cari xərclərini ödəyə bilməsi, həm də müəyyən maliyyə ehtiyatı formalaşdırmasıdır. Güclü orta təbəqə iqtisadiyyat üçün də vacibdir. Çünki məhz bu təbəqə xidmət və digər sahələrdə tələbi artırır. Tələbin artması isə real sektorun inkişafını stimullaşdırır və iqtisadi artıma töhfə verir", – o qeyd edib.
Deputat bildirib ki, müxtəlif sahələrdə çalışan vətəndaşların əhəmiyyətli hissəsi orta təbəqəyə aid edilə bilər. Bunun üçün əsas meyar onların gəlir səviyyəsidir.
"Bu baxımdan müəllimlər, həkimlər, dövlət sektorunda və özəl sahədə çalışan digər vətəndaşlar da gəlirlərindən asılı olaraq orta təbəqənin nümayəndələri hesab oluna bilərlər. Xüsusilə müəllim və həkimlərin əməkhaqlarının artırılması ilə bağlı həyata keçirilən siyasətin əsas məqsədlərindən biri onların orta təbəqədə mövqeyinin daha da gücləndirilməsidir", – deyə Vüqar Bayramov vurğulayıb.
Onun fikrincə, əməkhaqlarının və gəlirlərin artması orta təbəqənin genişlənməsinə birbaşa təsir göstərir.
"Müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin maaşları artdıqca, daha güclü orta təbəqənin formalaşmasını müşahidə edəcəyik. Bu isə həm sosial rifahın yüksəlməsi, həm də ölkə iqtisadiyyatının daha dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır", – deputat əlavə edib.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə bildirib ki, bir çox ölkələrdə əhalinin gəlir səviyyəsinə görə ətraflı təsnifat aparıldığı halda, Azərbaycanda bu istiqamətdə kifayət qədər açıq statistika mövcud deyil.
"Əfsuslar olsun ki, Azərbaycanda bir çox ölkələrdə olduğu kimi, gəlir səviyyəsinə əsaslanan detallı analizlər aparılmır. Bir çox dövlətlərdə əhali aşağı gəlirli, orta gəlirli və yüksək gəlirli qruplara bölünür. Hətta yüksək gəlirli şəxslərlə bağlı da ayrıca statistika aparılır. Azərbaycanda isə bu cür geniş təsnifat və açıq məlumatlar yoxdur. Bu da mövzunu qiymətləndirməyi çətinləşdirir", – deyə o bildirib.
Natiq Cəfərlinin sözlərinə görə, cəmiyyətdə orta təbəqə ilə bağlı formalaşmış ümumi təsəvvür daha çox müəyyən peşə sahiblərinə əsaslanır.
"Azərbaycanda belə bir yanaşma var ki, dövlət qulluğunda çalışanlar, vergi və gömrük orqanlarının əməkdaşları, bank sektorunda çalışanlar, həm özəl, həm də dövlət banklarının işçiləri orta təbəqənin nümayəndələridir. Eyni zamanda yüksək ixtisaslı, peşəkar həkimləri də bu kateqoriyaya aid etmək olar", – deyə o qeyd edib.
Partiya sədri hesab edir ki, orta təbəqənin müəyyənləşdirilməsində əsas meyar peşə deyil, gəlir səviyyəsi olmalıdır.
"Bir çox ölkələrdə orta təbəqə məhz aylıq gəlir səviyyəsinə görə müəyyən edilir. Azərbaycanda da bu yanaşmadan istifadə etmək daha doğru olardı. Mənim fikrimcə, aylıq gəliri təxminən 2500–3000 manatdan yuxarı olan şəxsləri orta təbəqənin ilk pilləsinə aid etmək mümkündür. Bununla belə, bu istiqamətdə rəsmi meyarların və statistik qiymətləndirmələrin hazırlanmasına ehtiyac var", – deyə Natiq Cəfərli əlavə edib.