Space TV bank hesablarına həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib və yaranmış borcun əvvəlki rəhbərliyin dövründə formalaşdığını açıqlayıb.
Modern.az -ın sorğusuna cavab olaraq bildirilib ki, telekanalın yaydığı açıqlamada qeyd olunub ki, söhbət 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranan 140 min 313,06 ABŞ dolları borcdan gedir.
Bildirilib ki, banka son ödəniş 2024-cü il yanvarın 19-da edilib və öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə məsuliyyət 2023-cü ilin fevralından Space TV-yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.
Açıqlamada iddia olunub ki, keçmiş baş direktor Vado Korovin və həmin dövrdə icraçı direktor olmuş Nəriman Abdul-Əliyevin idarəçiliyi zamanı maliyyə intizamı pozulub, strateji inkişaf zəifləyib, kanalın texniki bazası baxımsız qalıb və maddi-texniki infrastruktur müasir televiziya tələblərindən geri qalıb.
Qeyd olunub ki, həmin dövrdə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir və nəticələrə uyğun olaraq qanunvericiliyin nəzərdə tutduğu hüquqi addımlar atılacaq.
Space TV məhkəmənin qərarının müvəqqəti təminat tədbiri olduğunu vurğulayaraq bildirib ki, bu qərar əməkhaqlarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə mane olmur. Kanalın fəaliyyətini normal qaydada davam etdirdiyi qeyd edilib.
Açıqlamaya əsasən, hazırda telekanalda genişmiqyaslı islahatlar aparılır. Bildirilib ki, 15 avtomobil əsaslı təmir olunaraq yenidən istismara verilib, yeni pavilyonlar qurulub, müasir çəkiliş və yayım avadanlıqları alınıb, Naxçıvanda müxbir məntəqəsi yaradılıb, yeni televiziya layihələri hazırlanıb və peşəkar kadrlar işə cəlb olunub.
Qeyd edilib ki, sentyabr ayından etibarən tamaşaçılara yeni layihələr və yeni simalar təqdim olunacaq. Telekanal rəhbərliyi əvvəlki dövrdən qalan maliyyə və hüquqi problemlərin qanun çərçivəsində həll ediləcəyinə və aparılan islahatların kanalın inkişafını təmin edəcəyinə əmin olduğunu bildirib.