Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qəbul edilən qərar Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl sosial siyasətin mühüm davamıdır.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, təşəbbüsün Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülməsi və Prezident İlham Əliyevin dəstəyi ilə genişmiqyaslı islahat formatında həyata keçirilməsi xüsusilə vacib məqamdır.
“Söhbət yalnız maaşların artırılmasından getmir. 72 mindən artıq tibb işçisini əhatə edən və əməkhaqqı fondunun illik 189 milyon manat artırılmasını nəzərdə tutan qərar səhiyyə sistemində çalışan insanların əməyinə verilən yüksək qiymətin ifadəsidir. Eyni zamanda, burada sosial ədalət və səmərəlilik prinsiplərinin uzlaşdırıldığını görürük”.
Tahir Mirkişilinin sözlərinə görə, yeni modelin mühüm xüsusiyyətlərindən biri əməkhaqlarının ixtisas, iş yükü, fəaliyyət nəticələri və regionlardakı kadr çatışmazlığı nəzərə alınmaqla diferensial şəkildə artırılmasıdır:
“Ailə və sahə həkimlərinin, təcili tibbi yardım əməkdaşlarının, anestezioloq-reanimatoloqların və digər mühüm ixtisas sahiblərinin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması bunun konkret göstəricisidir. Bəzi ixtisaslar üzrə artımın 100 faizdən çox olması dövlətin problemli sahələrə hədəflənmiş yanaşmasını nümayiş etdirir”.
Deputat regionlarda çalışan həkimlər üçün əlavə maliyyə stimullarının yaradılmasının da böyük əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, hazırda əsas məsələlərdən biri həkimlərin ölkə üzrə qeyri-bərabər yerləşməsidir.

“Regional əmsalların və əlavə ödəniş mexanizmlərinin tətbiqi ixtisaslı tibbi kadrların bölgələrdə işləməsini daha cəlbedici edəcək. Bu isə nəticə etibarilə regionlarda yaşayan vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının genişlənməsi deməkdir”.
Tahir Mirkişili qeyd edib ki, Mehriban Əliyevanın sosial məsələlərə, xüsusilə səhiyyə və insan sağlamlığına daim xüsusi həssaslıq göstərməsi Azərbaycan cəmiyyətinə yaxşı məlumdur:
“Bu təşəbbüs də həmin yanaşmanın davamıdır. Dövlət yalnız yeni xəstəxanalar tikmir və tibbi infrastrukturu yeniləmir, eyni zamanda bu sistemin əsas dayağı olan insanlara – həkimlərə, tibb bacılarına və digər tibb işçilərinə investisiya qoyur”.
Deputat hesab edir ki, qərara sadəcə növbəti əməkhaqqı artımı kimi baxmaq düzgün olmaz. Bu, səhiyyədə insan kapitalının gücləndirilməsinə, peşəkarlığın təşviqinə və regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş ciddi struktur addımdır.
“Nəticədə qazanan yalnız tibb işçisi deyil. Əsas qazanan Azərbaycan vətəndaşı və bütövlükdə ölkənin səhiyyə sistemi olacaq”, – Tahir Mirkişili sonda vurğulayıb.