Modern.az

Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq - DEPUTAT

Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq - DEPUTAT

Ölkə

Bu gün, 12:17

Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvan Muxtar Respublikasında sahibkarlara yeni güzəştlərin və məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər edilib.

Yeni dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün əlavə imkanlar yaranacaq. Bu imkanlardan geniş istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi ayrıca qiymətləndiriləcək.

Vüqar Bayramov qeyd edib ki, dəhlizin istifadəyə verilməsi Naxçıvanda sahibkarlara dəstək mexanizmlərinin daha da genişləndirilməsinə şərait yaradacaq.

Proqram çərçivəsində yerli məhsulların ölkədaxili və xarici bazarlara çıxışının sürətləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və daşıma xərclərinin optimallaşdırılması məqsədilə sahibkarlara məqsədli logistik dəstəyin göstərilməsi planlaşdırılır.

Deputatın fikrincə, yeni güzəştlər Naxçıvanda iqtisadi fəallığın, məşğulluğun və ixracın artmasına, eləcə də yerli istehsalın güclənməsinə töhfə verəcək.

Bununla belə, tətbiq ediləcək güzəştlərin konkret növləri, məbləği və şərtləri hələ müəyyənləşdirilməyib. Bu məsələlər Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra aparılacaq ayrıca qiymətləndirmə əsasında dəqiqləşdiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab