15 sentyabrda yeni tədris ilinin başlamasına sayılı günlər qalsa da, ölkənin bəzi ümumtəhsil məktəblərində müəllim çatışmazlığı problemi tam həllini tapmayıb. Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqənin əsas mərhələləri yekunlaşsa da, xüsusilə bölgələrdə müəyyən fənlər üzrə vakant yerlər hələ də açıq qalır.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, müsahibə və qəbul prosesindən sonra boş qalan yerlər növbəti mərhələdə müddətli müqavilə əsasında doldurulmalıdır.
"Şagirdlər dərsə başlayanda müəllimsiz qalmamalıdır"
Ekspertin sözlərinə görə, əsas məqsəd tədris ilinin ilk günündən şagirdlərin fənn müəllimləri ilə təmin olunmasıdır:
"Müsahibə-qəbul prosesi bitdikdən sonra sentyabr ayının 15-dən yeni tədris ili başlayacaq. Bəzi ərazilər üzrə vakant yerlər var və bunlar növbəti mərhələdə müddətli müqavilə əsasında namizədlərə seçimsiz qalmasın deyə təqdim olunacaq. İstəyimiz ondan ibarətdir ki, yaxın ərəfədə həmin yerlər üzrə vakansiya elan edilsin və şagirdlər dərslərə başlayarkən hansısa ərazidə müəllim çatışmazlığından əziyyət çəkməsinlər".
Namizədlər bölgələri seçməyə tərəddüd edirlər
Elçin Əfəndi vakansiyaların açıq qalmasının əsas səbəbinin coğrafi faktorla bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, MİQ namizədləri rayon və kənd məktəblərində çalışmaqda həvəssizdirlər:
"Vakant yerlər daha çox bizim bölgələrdə qalıb. MİQ namizədləri bölgələri seçməkdə tərəddüd edirlər. Ona görə də regionsal yerlərdə həvəsləndirici tədbirlərin tətbiq olunması vacibdir. Müəyyən güzəşt və həvəsləndirici mexanizmlərlə həmin yerlər tutulmalıdır ki, şagirdlər tədrisə başlayanda birbaşa fənn müəllimindən dərs ala bilsinlər".
Qarşıdakı günlərdə yeni müsabiqə gözlənilir
Təhsil eksperti bildirib ki, yaxın günlərdə aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı adət olunmuş addımlar atılacaq:
"Yəqin ki, Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən qarşıdakı dövr ərzində bu istiqamətdə müvafiq müddətli müqavilə müsabiqəsi keçiriləcək və vakansiyalar bağalanacaq".
Aydan Qasımova