Azərbaycanda iqtisadi fəaliyyət sahələri üzrə orta aylıq nominal əməkhaqqı göstəriciləri açıqlanıb.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–iyul aylarında ölkədə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1176,7 manat təşkil edib.
Ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanlar orta hesabla 4267,6 manat maaş alıblar.
Maliyyə və sığorta sektorunda orta əməkhaqqı 3127,6 manat, informasiya və rabitədə 2137,1 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində 1929,1 manat olub.
Dövlət idarəetməsi və müdafiə, eləcə də sosial təminat sahəsində orta aylıq əməkhaqqı 1750,7 manat, nəqliyyat və anbar təsərrüfatında 1581,2 manat təşkil edib.
Ən aşağı orta əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb — 747,3 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində bu göstərici 763,6 manat, su təchizatı və tullantıların təmizlənməsində 798,1 manat, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 798,6 manat olub.
Təhsil sahəsində çalışanların orta aylıq əməkhaqqı 837,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 968,3 manat təşkil edib.
Avqustun 1-i vəziyyətinə ölkədə muzdla çalışanların sayı 1 milyon 781,1 min nəfər olub. Onların 836,9 min nəfəri dövlət, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.