Naxçıvan Muxtar Respublikasında səhiyyə müəssisələrində çalışan tibb işçiləri ixtisas dərəcələrinə və peşəkarlıq səviyyələrinə uyğun olaraq aylıq vəzifə maaşlarına 10, 15 və ya 25 faiz əlavə haqq ala bilərlər.
Modern.az Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, bunun üçün onlara ikinci, birinci və ya ali ixtisas dərəcəsi verilməlidir. İxtisas dərəcəsi 5 il müddətinə qüvvədə olur və onun verilməsi tibb işçisinin sertifikasiyasının nəticələrinə əsasən müəyyən edilir.
Qaydalara əsasən, ali ixtisas dərəcəsi olan tibb işçilərinə vəzifə maaşının 25 faizi, birinci ixtisas dərəcəsi olanlara 15 faizi, ikinci ixtisas dərəcəsi olanlara isə 10 faizi həcmində aylıq əlavə haqq ödənilir.
Əlavə haqq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə, dərəcənin alındığı aydan sonrakı ay başlayaraq ödənilir. Sonuncu ay da tam nəzərə alınır. Tibb işçisi iş yerini dəyişdikdə isə onun ixtisas dərəcəsi saxlanılır.
İxtisas dərəcəsi almaq üçün Naxçıvanda səhiyyə müəssisələrində çalışan ali və orta təhsilli tibb işçilərinin ixtisasları üzrə azı 5 il əmək stajı olmalıdır. Dərəcələr ardıcıllıqla – ikinci, birinci və daha sonra ali ixtisas dərəcəsi üzrə verilir.
İkinci ixtisas dərəcəsi almaq üçün mütəxəssisin ixtisası üzrə 5 il iş stajı olmalı, tutduğu vəzifədə sərbəst fəaliyyət göstərməli və iş yerindən müsbət xarakterizə olunmalıdır.
Birinci ixtisas dərəcəsi üçün ixtisas üzrə 10 ildən artıq iş stajı, sərbəst fəaliyyət göstərmək bacarığı, ixtisasa aid müxtəlif tədbirlərdə iştirak və iş yerindən müsbət xarakteristika tələb olunur.
Ali ixtisas dərəcəsi almaq istəyən tibb işçisinin isə ixtisası üzrə 15 ildən artıq stajı olmalı, yüksək ixtisaslaşdırılmış tibbi xidmət göstərmək bacarığı və elmi-praktik konfranslarda iştirak təcrübəsi nəzərə alınmalıdır. Namizədin iş yerindən müsbət xarakteristikası da tələb olunur.
Bundan əlavə, İxtisas Komissiyası namizədin tibb üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olmasını, rezidenturanı bitirməsini və elmi məqalələrinin dərc edilməsini də nəzərə alır.
İxtisas dərəcəsi almaq istəyən tibb işçisi sertifikasiya üçün təqdim etdiyi sənədlərlə yanaşı, ixtisası üzrə son 5 illik fəaliyyəti barədə hesabatı və xasiyyətnaməni də təqdim etməlidir. Hər iki sənəd müəssisənin möhürü və rəhbərinin imzası ilə təsdiqlənməlidir.
İxtisas Komissiyasının üzvləri hesabatla tanış olur, tibb işçisinin praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyənləşdirmək üçün onun ixtisasına aid suallar verirlər. Komissiya namizədə ixtisas dərəcəsinin verilməsi, mövcud dərəcəsinin təsdiqlənməsi və ya dəyişdirilməsi barədə rəy hazırlayır.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi barədə qərarı İxtisas Komissiyalarının rəyi əsasında qəbul edir. Komissiyanın rəyi sədri, katibi və üzvləri tərəfindən imzalanaraq təsdiq üçün Nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə ixtisas dərəcəsini təsdiq edən şəhadətnamə verilir.
İxtisas dərəcəsinin verilməsi ilə bağlı mübahisəli məsələlərə qanunvericiliyə uyğun qaydada məhkəmədə baxılır.