Modern.az

Azərbaycan beynəlxalq media platformasının yaradılmasını təklif edəcək

Azərbaycan beynəlxalq media platformasının yaradılmasını təklif edəcək

Ölkə

Bu gün, 13:26

“Azərbaycan beynəlxalq media platformasının yaradılmasını təklif edəcək”

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransından sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın forum çərçivəsində irəli sürəcəyi təşəbbüslər, dini, sosial, gənclər və digər istiqamətlər üzrə təşkil olunacaq dialoqlar, eləcə də builki forumun əvvəlki illərdə keçirilən tədbirlərdən fərqləri barədə Modern.az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, builki forumun əsas fərqlərindən biri müxtəlif sosial qrupların təklif və fikirlərinin dinlənilməsi ilə yanaşı, müzakirələrin konkret təşəbbüslərlə nəticələnməsidir. Forum çərçivəsində cəmiyyətin müxtəlif təbəqələrini əhatə etmək məqsədilə akademik forumun da keçirilməsi nəzərdə tutulub. Tədbir iki gün ərzində Azərbaycan Milli Elmlər Akademiyasında və ADA Universitetində davam edəcək.

Fərid Cəfərov bildirib ki, builki forum əvvəlki tədbirlərlə müqayisədə məzmununa, auditoriyasına və əhatə dairəsinə görə fərqlənir. Forum çərçivəsində ümumilikdə 26 müxtəlif tədbirin keçirilməsi planlaşdırılır. Bunlara dialoqlar, akademik forum, Gənclər Düşərgəsində plenar iclaslar və panel sessiyalar, eləcə də işğaldan azad edilmiş ərazilərə səfər daxildir. Onun sözlərinə görə, Azərbaycan bir neçə təşəbbüslə çıxış etməyə hazırlaşır. Bunlardan biri işğaldan azad edilmiş ərazilərdə maddi və qeyri-maddi mədəni irsin bərpası təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunması, digər təşəbbüs isə müxtəlif ölkələrin media nümayəndələrini ortaq platformada birləşdirməkdir.

“Əvvəlki forumlardan fərqli olaraq, builki tədbirlər nəticəsində konkret təşəbbüsləri əks etdirən sənədlər hazırlanacaq və qəbul olunacaq. Həmin sənədlər gələcəkdə iştirakçı dövlətlər və beynəlxalq təşkilatlar üçün öz siyasətlərini müəyyənləşdirmək baxımından istinad nöqtəsi olacaq. Beləliklə, gənclər, qadınlar və digər dialoqlar çərçivəsində qaldırılan məsələlər yalnız müzakirə olunmaqla kifayətlənməyəcək, həm də sənədlərdə əksini tapacaq. Azərbaycanın təşəbbüslərindən biri işğaldan azad edilmiş ərazilərdə mədəni irsin dirçəldilməsi təcrübəsinin beynəlxalq konsept sənədi kimi qəbul olunması və münaqişədən əziyyət çəkən digər regionlarda tətbiqinin təşviq edilməsidir. Bundan başqa, media ilə bağlı beynəlxalq təşəbbüsün də təqdim olunması nəzərdə tutulur”, - deyə Fərid Cəfərov bildirib.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir