Energetika naziri Pərviz Şahbazov Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü çərçivəsində Əlcəzair və Seneqaldan olan həmkarları ilə görüşüb.
Modern.az xəbər verir ki, Əlcəzairin dövlət naziri, karbohidrogenlər naziri Məhəmməd Arkab ilə görüşdə enerji əməkdaşlığının inkişafı və neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub.
Tərəflər neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində yaradılmış Birgə İşçi Qrupunun ilk iclasının 2026-cı ilin noyabrında keçirilməsi məsələsini nəzərdən keçiriblər. Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının isə 2027-ci ilin birinci yarısında Bakıda təşkili müzakirə edilib.
Görüşdə SOCAR ilə Əlcəzairin “SONATRACH” şirkəti arasında əməkdaşlığın inkişafı, neft və neft-kimya məhsullarının ticarətinin genişləndirilməsi imkanlarına da toxunulub.
Pərviz Şahbazovun Seneqalın energetika və neft naziri El Hacı Abdurahman Diuf ilə görüşündə isə enerji sahəsində ikitərəfli əməkdaşlıq imkanları və müvafiq Anlaşma Memorandumunun imzalanması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın energetika naziri dekabrın 2–3-də Seneqalda keçiriləcək beynəlxalq neft, qaz və energetika konfransına dəvət olunub.

