Seçicilər artıq deputatlarla görüşməyəcək?
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Elman Nəsirov deyib.
Deputat bildirib ki, artıq seçicilər elektron qəbulla bağlı onlara suallar ünvanlamağa başlayıblar.
“Məsələn, mənim özümə belə sual veriblər ki, indi bu “Vətəndaşların müraciətləri haqqında” qanununa yeni düzəlişlərdən sonra deputatların daha gəlib rayonlarda seçicilərlə görüşləri olmayacaq və bundan sonra yalnız biz elektron vasitəsilə müraciət edəcəyik? Mən isə cavabında bildirirəm ki, əksinə, biz ayda deputatlar olaraq minimum iki dəfə sizinlə görüşə gəlirik. Bundan sonra sizin imkanlarınız var ki, bütün dövlət qurumlarına ayrı-ayrılıqda müraciət etmək yox, vahid bir platformaya çıxıb öz müraciətinizi edəsiniz və burada həm proseslərə sürətli yanaşma olacaq, aşkarlığı olacaq və burada sizin narahat ola biləcəyiniz heç bir şey yoxdur”.
E. Nəsirov vurğulayıb ki, insanlarımıza bunun izahına daha böyük ehtiyac var ki, bu fiziki ünsiyyəti qətiyyən istisna etmir.
“Siz istənilən deputatla, istənilən nazirlə, dövlət qurumunun digər təmsilçiləri ilə görüşə bilər, onlayn üsulla görüşüb fikirlərinizi və problemlərinizi qaldıra bilərsiniz” – deputat seçicilərə müraciətlə bildirib.