Azərbaycanda ticarət dövriyyəsinə buraxılan toxumlarla bağlı tələblər sərtləşdirilir.
Modern.az xəbər verir ki, “Toxumçuluq haqqında” yeni qanun layihəsində toxumların sertifikatlaşdırılması məcburi şərt kimi müəyyənləşdirilib.
Layihəyə görə, toxumçuluğun əsas prinsiplərindən biri toxumun sertifikatlaşdırılmasının məcburiliyi olacaq. Ticarət dövriyyəsinə yalnız rayonlaşdırılmış, Reyestrdə qeydiyyata alınmış bitki sortlarının və hibridlərin sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatı olan toxumları daxil ediləcək.
Qanun layihəsində qeyd olunur ki, toxumların sortluq və səpin keyfiyyətləri toxumluq əkin sahələrinin tarla və qrunt nəzarəti, eləcə də laboratoriya müayinəsi və ekspertizası nəticəsində müəyyən ediləcək. Sertifikatların verilməsi isə müvafiq qurum tərəfindən həyata keçiriləcək.
Sənədə əsasən, aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilməyəcək:
rayonlaşdırılmamış sortların toxumları;
Reyestrdə qeydiyyata alınmamış sort və hibridlərin toxumları;
sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatı olmayan və ya müddəti bitmiş sertifikatlı toxumlar;
qablaşdırılmamış və etiketlənməmiş toxumlar.
Bundan başqa, toxum partiyasının keyfiyyət göstəricilərinin bilə-bilə təhrif olunması da qadağan edilir. Qanun layihəsində toxum müfəttişlərinə normativ tələblərə cavab verməyən və lazımi sənədləri olmayan toxumların satışını dayandırmaq səlahiyyəti də verilir.