Azərbaycan ölçü vahidlərinin beynəlxalq standartlaşdırılmasını nəzərdə tutan 151 illik Metrik Konvensiyaya qoşulur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış “Metrik Konvensiya”ya qoşulmaq haqqında” qanun layihəsində əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikası 1875-ci il mayın 20-də Parisdə imzalanmış “Metrik Konvensiya”na qoşulur.
Metrik Konvensiya ölçü vahidlərinin beynəlxalq səviyyədə vahidləşdirilməsi məqsədilə qəbul edilmiş əsas beynəlxalq müqavilələrdən biridir. Sənəd əsasında Beynəlxalq Ölçülər və Çəkilər Bürosu (BIPM) yaradılıb və hazırda dünyada ölçmələrin dəqiqliyinin, vahid standartların və SI (Beynəlxalq Vahidlər Sistemi) sisteminin tətbiqinin əsas hüquqi bazasını təşkil edir.
Konvensiyaya qoşulmaq Azərbaycanın beynəlxalq metrologiya sisteminə inteqrasiyasını gücləndirəcək, ölçmə standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılmasına, elmi tədqiqatlar, sənaye, ticarət və yüksək texnologiyalar sahəsində qarşılıqlı tanınmanın genişlənməsinə xidmət edəcək.