Modern.az

Zahid Oruc: Bu dəyişikliklər siyasi məqsəd daşımır

Zahid Oruc: Bu dəyişikliklər siyasi məqsəd daşımır

Parlament

Bu gün, 12:12

"Psixiatriya yardımı haqqında" qanuna təklif olunan dəyişikliklər siyasi məqsəd daşımır və cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, layihə insan azadlığı, şəxsi toxunulmazlıq, dövlət orqanlarının müdaxilə sərhədləri və cəmiyyətin təhlükəsizliyi kimi həssas məsələləri əhatə edir.

Onun sözlərinə görə, ağır psixi böhran keçirən, özünə və ya ətrafındakılara təhlükə yaradan şəxslərlə bağlı dövlətin müdaxilə etməməsi məsuliyyətdən yayınmaq anlamına gələ bilər.

Zahid Oruc qeyd edib ki, qanun layihəsində psixiatriya yardımı barədə məlumatların elektron sağlamlıq kartında saxlanılması, müalicədən imtinanın elektron sistemdə rəsmiləşdirilməsi, qanuni nümayəndələrin məlumatlandırılması və tibbi xarakterli məcburi tədbirlərə cəlb olunan şəxslərin digər pasiyentlərdən ayrı müalicə olunması kimi mühüm müddəalar yer alıb.

Deputat bildirib ki, layihə ətrafında aparılan tənqidlər əsasən inzibati xəta haqqında icraat aparılan şəxsin razılığı olmadan psixiatriya müayinəsinə göndərilməsi ilə bağlı müddəaya yönəlib. O vurğulayıb ki, bu qərar tibbi diaqnoz anlamına gəlmir və yalnız müayinənin aparılması üçün prosessual qərardır.

Zahid Orucun sözlərinə görə, psixi pozuntunun olub-olmamasını yalnız həkim-psixiatr müəyyən edir, qeyri-könüllü hospitalizasiya isə məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Deputat əlavə edib ki, oxşar mexanizmlər Böyük Britaniya və Fransa kimi demokratik ölkələrin qanunvericiliyində də mövcuddur. Onun sözlərinə görə, həmin ölkələrdə də təcili hallarda inzibati orqanların təşəbbüsü ilə psixiatriya müayinəsi başlanıla bilər, lakin yekun tibbi qərarı müstəqil həkimlər verir.

Zahid Oruc sonda bildirib ki, təqdim olunan dəyişikliklər insan hüquqlarının məhdudlaşdırılmasına deyil, şəxsin həyatının və cəmiyyətin təhlükəsizliyinin qorunmasına xidmət edir. Bu səbəbdən də deputat layihəyə müsbət səs verəcəyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada