Neft-qaz sahəsində fəaliyyət göstərməyən özəl sektor nümayəndələri üçün ƏDV depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürmək imkanı yaradılır. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Modern.az xəbər verir ki, qanun layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində neft-qaz sahəsində fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri müəyyən edilmiş qayda və şərtlərlə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürə biləcəklər.
Dəyişikliklə ƏDV-nin depozit hesabının anlayışı da yenilənir. Belə ki, həmin hesab vasitəsilə təkcə ƏDV üzrə əməliyyatlar deyil, həm də qeyd olunan vergi ödəyicilərinin Dövlət Sosial Müdafiə Fonduna köçürmələri həyata keçirilə biləcək. Köçürmələrin qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Qanun layihəsinə əlavə olunmuş arayışda bildirilir ki, dəyişiklik vergi ödəyicilərinin ƏDV depozit hesabındakı vəsaitlərdən istifadə imkanlarını genişləndirmək, sosial öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maliyyə mənbəyi yaratmaq və qeyri-neft özəl sektorunu dəstəkləmək məqsədi daşıyır.