İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yeni hüquqi mexanizmlər yaradılır.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmə təkmilləşdirilir, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə institusional mexanizmlərin yaradılması və rəqəmsal inkişaf proseslərinin hüquqi əsasları müəyyən edilir.
Dəyişikliklə qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə olunur.
Layihəyə əsasən, dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması mexanizmləri təsbit olunur.
Bundan başqa, informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi və rəqəmsal həllərin sınaqdan keçirilməsi üçün tənzimləyici test mühitinin tətbiqi ilə bağlı müddəalar müəyyən edilir.
Qanun layihəsi ilə informasiya infrastrukturu subyektləri, internet və host provayderlər, eləcə də internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir, Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri genişləndirilir.
Layihə müəlliflərinin fikrincə, dəyişikliklər ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sisteminin təkmilləşdirilməsinə, kibertəhdidlərə qarşı mübarizənin effektivliyinin artırılmasına, informasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsinə və rəqəmsal inkişaf proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək.