Modern.az

Xarici təchizatçılar üçün yeni güzəşt

Xarici təchizatçılar üçün yeni güzəşt

Parlament

Bu gün, 11:10

Bir mənbədən satınalma zamanı xarici təchizatçılar icra və avans təminatından azad edilə biləcəklər

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, bir mənbədən satınalma metodu tətbiq edilən hallarda qeyri-rezident hüquqi və ya fiziki şəxslər icra və ya avans təminatını təqdim etmələrinin mümkün olmadığını əsaslandıraraq satınalma komissiyasına müraciət edə biləcəklər.

Satınalma komissiyası müraciəti və əsaslandırmanı nəzarət orqanına təqdim edəcək. Nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında həmin qurum 20 iş günü müddətində qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və ya avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya bundan imtina olunması barədə qərar qəbul edəcək.

Qərar qəbul edildiyi halda, qeyri-rezident hüquqi və ya fiziki şəxs icra və ya avans təminatını təqdim etmək öhdəliyindən azad olunacaq. Həmin qərarın qəbulundan sonra 12 ay ərzində eyni satınalan təşkilat tərəfindən eyni satınalma predmetinin həmin təchizatçıdan yenidən alınmasına ehtiyac yarandıqda isə icra və ya avans təminatından azad edilmə barədə təkrar qərarın qəbul edilməsi tələb olunmayacaq.

Layihədə həmçinin bu istisnaların satınalma müqaviləsinin bağlanması, qalib təchizatçının müəyyənləşdirilməsi, avans ödənişləri və təchizatçıların satınalmadan kənarlaşdırılması ilə bağlı digər müddəalara da şamil edilməsi nəzərdə tutulur.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sizə yeni x var
Keçid et
Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!