İstehsalatda bədbəxt hadisələrə görə sığorta ödənişlərinin hesablanması qaydası dəyişdirilir.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, birdəfəlik sığorta ödənişinin sığorta olunanın əlilliyinə görə deyil, peşə əmək qabiliyyətini itirmə dərəcəsinə uyğun olaraq ödənilməsi təklif edilir. Dəyişiklik sığorta hadisələrinə vahid meyarın tətbiqini nəzərdə tutur.
Layihəyə əsasən, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi müəyyən edildikdə birdəfəlik sığorta ödənişi həyata keçiriləcək. Qeyd olunur ki, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi eyni zamanda əlilliyin, yəni orqanizm funksiyalarının itirilməsinin də qiymətləndirilməsini ehtiva edir.
Bundan başqa, könüllü fəaliyyət iştirakçıları, istehsalat təcrübəsi (təlimi) keçən tələbələr və şagirdlər üçün icbari sığorta haqqının ödənilməsi mexanizmi də müəyyənləşdirilir. Layihəyə əsasən, könüllülər üzrə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, tələbə və şagirdlər üzrə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödənilməlidir.
Dəyişikliklə, həmçinin birdəfəlik sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla müəyyən edilməsi təklif olunur. Layihə müəlliflərinin fikrincə, bu yanaşma sığorta fondunun maliyyə sabitliyinin qorunmasına, risklərin daha səmərəli idarə olunmasına və sığorta sistemi üzrə öhdəliklərin davamlı icrasına xidmət edəcək.
Arayışda bildirilir ki, təklif olunan dəyişikliklər, həmçinin Beynəlxalq Əmək Təşkilatı-nın "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanıb.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.