Enerji Effektivliyi Fondunun vəsaitlərindən istifadə istiqamətləri genişləndirilir.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti yalnız enerji səmərəliliyi tədbirlərinin maliyyələşdirilməsinə deyil, həm də Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması üçün proqram təminatının əldə edilməsinə sərf oluna biləcək.
Layihəyə əsasən, fondun vəsaiti, həmçinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla yanaşı, qeyd olunan istiqamətlər üzrə maliyyələşdirmənin yuxarı həddi Enerji Effektivliyi Fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydası ilə müəyyən ediləcək.
Qanun layihəsinin arayışında bildirilir ki, dəyişiklik Enerji Effektivliyi İnformasiya Sisteminin dayanıqlı fəaliyyətinin təmin edilməsi, bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin davamlı maliyyələşdirilməsi, eləcə də enerjidən səmərəli istifadə mədəniyyətinin təşviqi məqsədilə hazırlanıb.