İstehsalatda bədbəxt hadisələr nəticəsində zərər çəkmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı deputat Elçin Mirzəbəyli bildirib ki, sənəd sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslərdən biridir.
Deputat qeyd edib ki, layihənin əsas üstünlüklərindən biri istehsalatda bədbəxt hadisələr nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin daha aydın və obyektiv meyarlar üzərində qurulmasıdır. Onun sözlərinə görə, sığorta ödənişlərinin əlillik anlayışı deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi müasir beynəlxalq təcrübəyə uyğun yanaşmadır.
Elçin Mirzəbəyli birdəfəlik sığorta ödənişlərinin hesablanmasına yuxarı hədd müəyyən edilməsini sığorta fondunun maliyyə dayanıqlığının qorunması və risklərin idarə olunması baxımından məqbul hesab etsə də, bu normanın tətbiqi zamanı sosial ədalət prinsipinin qorunmasının vacibliyini vurğulayıb. O bildirib ki, sığortanın təyin edilməsi prosesində subyektiv yanaşmalara və digər neqativ hallara yol verilməməsi diqqətdə saxlanılmalıdır.
Deputat çıxışında ölkədə sığorta sektorunun ümumi vəziyyətinə də toxunaraq qeyd edib ki, əsas problemlərdən biri vətəndaşların bu instituta olan etimadının aşağı səviyyədə olmasıdır.
“Vətəndaşlarımız sığortaya müdafiə mexanizmi kimi deyil, əksər hallarda məcburi rüsum və ya vergi öhdəliyi kimi yanaşırlar. Bunun obyektiv səbəbləri var. Sığorta bazarı iştirakçılarının tez-tez dəyişməsi, sığorta hadisələri zamanı vətəndaşların süründürməçiliklə üzləşməsi, zərərin süni şəkildə aşağı qiymətləndirilməsi etimad mühitini ciddi şəkildə zədələyir”, – deyə deputat bildirib.
Elçin Mirzəbəyli zərərin qiymətləndirilməsi prosesinin tamamilə müstəqil ekspertiza institutuna həvalə edilməsini təklif edib. O, həmçinin vətəndaşların sığorta prosesini sənədlərin qəbulundan ödənişin təsdiqinədək bütün mərhələlər üzrə onlayn və şəffaf şəkildə izləyə bilməsinin vacibliyini vurğulayıb.
Deputatın sözlərinə görə, sığorta müqavilələrində vətəndaşların başa düşmədiyi mürəkkəb hüquqi terminlərdən, kiçik şriftlə yazılmış şərtlərdən və ödənişdən imtina üçün nəzərdə tutulan “gizli istisnalar”dan imtina edilməlidir. O hesab edir ki, müqavilələr unifikasiya olunmalı, sadə və aydın dildə hazırlanmalı, vahid standartlar müəyyənləşdirilməlidir.
Elçin Mirzəbəyli bildirib ki, qarşıdakı dövrdə sığorta hadisələrinin qiymətləndirilməsi mexanizmlərinin daha şəffaf qurulmasına, müstəqil ekspertiza institutlarının inkişafına, vətəndaş müraciətlərinə operativ baxılmasına və sığorta mübahisələrinin məhkəməyə çatmadan həlli mexanizmlərinin genişləndirilməsinə ehtiyac var.
Deputat sığorta mədəniyyətinin inkişafının da vacibliyini qeyd edərək bildirib ki, maliyyə savadlılığının artırılması, rəqəmsal sığorta xidmətlərinin genişləndirilməsi və sığorta məhsullarının daha əlçatan formada təqdim edilməsi bu sahənin inkişafına ciddi töhfə verə bilər.
Çıxışının sonunda Elçin Mirzəbəyli vurğulayıb ki, sosial dövlətin əsas göstəricilərindən biri vətəndaşın risk qarşısında özünü müdafiəsiz hiss etməməsidir.
“Bu baxımdan təqdim olunan qanun layihəsini dəstəkləyir, eyni zamanda səsləndirdiyim təkliflərin də gələcəkdə nəzərdən keçirilməsinin faydalı olacağını düşünürəm”, – deputat əlavə edib.