Rəqəmsal texnologiyalar və süni intellektin inkişafı uşaqların internet təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edir ki, bu sahədə risklərin azaldılması üçün dövlət, ailə və təhsil müəssisələrinin birgə fəaliyyəti vacibdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr sosial şəbəkələrdən geniş istifadə etdikləri üçün rəqəmsal risklərə ən həssas qrup hesab olunurlar:
"Bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial şəbəkələrdə keçirir. Lakin sosial şəbəkələrin faydaları ilə yanaşı, ciddi təhlükələri də mövcuddur".
Arzu Nağıyev bildirib ki, kibertəzyiq, təhqir və təhdidlər uşaqlarda özünəinamın azalmasına, sosial təcridə və depressiyaya səbəb ola bilər. O, həmçinin şiddət, nifrət nitqi, dezinformasiya və manipulyativ məzmunun uşaqların psixoloji inkişafına mənfi təsir göstərdiyini vurğulayıb.
Deputat qeyd edib ki, uşaqların şəxsi məlumatlarını düşünmədən paylaşması onları kiberdələduzluq və saxta hesablar kimi təhlükələrlə üz-üzə qoyur. O əlavə edib ki, süni intellekt vasitəsilə hazırlanan saxta foto, video və səslər də uşaqların doğru məlumatı saxtadan ayırmasını çətinləşdirir.
Arzu Nağıyevin sözlərinə görə, problemin həlli üçün dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Valideynlər uşaqların rəqəmsal həyatına daha çox diqqət yetirməli, məktəblərdə isə kibertəhlükəsizlik və rəqəmsal savadlılıq mövzularına geniş yer ayrılmalıdır.
Sonda komitə sədri bildirib ki, uşaqların təhlükəsizliyi cəmiyyət üçün ən vacib məsələlərdən biridir:
"Gələcəyimizi bugünkü uşaqlar formalaşdıracaqlar. Onlara təhlükəsiz, sağlam və məsuliyyətli rəqəmsal mühit yaratmaq hər birimizin ortaq vəzifəsidir".