Süni intellektin inkişafı ilə yanaşı, saxta foto, video və səslərin hazırlanması da təhlükəsizlik sahəsində yeni çağırışlar yaradıb. Xüsusilə "deepfake" texnologiyalarının yayılması dezinformasiya və manipulyasiya risklərini artırır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov komissiyanın rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, süni intellektin yaratdığı ən yeni və ən mürəkkəb təhdid növlərindən biri "deepfake" və sintetik media texnologiyalarıdır:
"Süni intellekt artıq elə realistik saxta audio, video və görüntülər yarada bilir ki, onların yayılma sürəti bəzən dövlət qurumlarının və faktyoxlama mexanizmlərinin reaksiya imkanlarını üstələyir. Bu, sadəcə texnoloji fenomen deyil, müasir hibrid təhdidlərin ən çevik və ən çətin izlənilən alətlərindən biridir".
Ramid Namazov bildirib ki, "deepfake" və süni intellekt əsaslı dezinformasiya artıq ənənəvi kiberhücumlarla yanaşı, hibrid təhdid arsenalının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
"Onlardan həm ictimai etimadı sarsıtmaq, həm dövlət institutlarının nüfuzuna xələl gətirmək, həm də fərdləri, uşaqları aldatmaq və manipulyasiya etmək üçün istifadə oluna bilər. Dezinformasiya və süni intellektlə bağlı riskləri ayrıca təhdid kateqoriyası kimi nəzərdən keçirmək olar".
Komissiya sədri əlavə edib ki, Fəaliyyət Planında nəzərdə tutulan qadağan olunmuş məzmunun süni intellekt vasitəsilə avtomatik aşkarlanması sistemləri məhz bu yeni nəsil təhdidlərə cavab vermək məqsədi daşıyır.