Modern.az

Dünyada hər altı uşaqdan biri kiberzorakılıqla üzləşir

Dünyada hər altı uşaqdan biri kiberzorakılıqla üzləşir

Parlament

Bu gün, 15:39

Rəqəmsal texnologiyaların geniş yayılması uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, ciddi təhlükələri də gündəmə gətirir. Mütəxəssislər hesab edirlər ki, uşaqların onlayn təhlükəsizliyi dövlət, ailə və cəmiyyətin birgə məsuliyyətidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, internet və süni intellekt uşaqlara yeni bilik və imkanlar qazandırsa da, ciddi risklər də yaradır.

"Bu gün dünyada məktəb yaşlı hər altı uşaqdan biri kiberzorakılıqla qarşılaşır. Lakin bu, rəqəmsal zorakılığın yalnız bir formasıdır. Kibertəcavüz, kibertrafik, onlayn pedofiliya və yeniyetmələrin onlayn ünsiyyət vasitəsilə intihara sürüklənməsi halları da dünya miqyasında qeydə alınır".

Komitə sədri bildirib ki, Azərbaycan uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində qanunvericiliyi təkmilləşdirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, məktəblərdə elektron cihazlardan istifadə qaydaları və kibertəhlükəsizlik tədrisi nəzərdə tutulur.

Hicran Hüseynova vurğulayıb ki, uşaqların onlayn təhlükəsizliyində valideynlərin rolu həlledicidir.

"Valideyn nəzarəti, tərbiyə prosesində iştirak və uşağın istifadə etdiyi rəqəmsal resurslara diqqət yetirmək çox vacibdir".

O qeyd edib ki, məqsəd uşaqların texnologiyalara çıxışını məhdudlaşdırmaq deyil, onlar üçün təhlükəsiz rəqəmsal mühit yaratmaqdır.

"Əsas məsələ texnologiyanı nə tərifləmək, nə də qınamaqdır. Bizim məsuliyyətimiz onun faydalarını artırmaqla yanaşı, uşaqlar üçün yaratdığı risklərin qarşısını almaqdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır