Modern.az

Zahid Oruc: Son iki ildə "deepfake" paylaşımlarının sayı 16 dəfə artıb

Zahid Oruc: Son iki ildə "deepfake" paylaşımlarının sayı 16 dəfə artıb

Parlament

Bu gün, 15:57

Rəqəmsal texnologiyaların və süni intellektin sürətli inkişafı ilə yanaşı, kibercinayətkarlıq və saxta məzmunun yayılması da qlobal təhlükəsizlik üçün ciddi çağırışa çevrilib. Xüsusilə "deepfake" texnologiyalarından sui-istifadə həm fərdlər, həm də dövlətlər üçün yeni risklər yaradır.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbərliyi ilə bu gün keçirilən"Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

Onun sözlərinə görə, rəqəmsal sistemlərin inkişafı yeni təhlükələrin yaranmasına səbəb olub.

"2023-cü ildə dünyada sosial mediada 500 min deepfake paylaşılırdısa, 2025-ci ilə qədər bu rəqəm 8 milyona çatıb. Yəni cəmi iki il ərzində 16 dəfə artım qeydə alınıb".

Zahid Oruc bildirib ki, Signicat araşdırmasına əsasən, son üç ildə "deepfake" vasitəsilə dələduzluq cəhdləri 2137 faiz artıb. O qeyd edib ki, ABŞ Federal Təhqiqat Bürosunun (FBI) 2025-ci il hesabatında bir il ərzində süni intellektlə bağlı 22 mindən çox şikayətin qeydə alındığı, səs klonlaşdırmasının isə ən sürətlə yayılan cinayət növlərindən birinə çevrildiyi göstərilib.

Deputatın sözlərinə görə, cinayətkar qruplar artıq süni intellekt vasitəsilə ailə üzvlərinin səslərini klonlaşdırır, minlərlə insana eyni vaxtda fişinq hücumları həyata keçirirlər.

"INTERPOL-un 2026-cı il qiymətləndirməsinə görə, süni intellektlə gücləndirilmiş dələduzluq ənənəvi üsullardan 4,5 dəfə daha gəlirlidir. Terror təşkilatları da süni intellektdən radikal təbliğat və saxta fövqəladə vəziyyət görüntülərinin hazırlanması üçün istifadə edir".

Zahid Oruc xatırladıb ki, bu təhlükələrin qarşısının alınması məqsədilə 2026-cı ilin mayında Cinayət Məcəlləsinə əlavə edilən 148-2-ci və 242-1-ci maddələrlə şəxsin razılığı olmadan onun səsi və ya görüntüsündən istifadə etməklə saxta material hazırlanması və yayılması cinayət məsuliyyəti yaradan əməl kimi müəyyən edilib.

Deputat bildirib ki, süni intellektdən qaynaqlanan risklərdən ən çox zərər görən qrup uşaqlardır.

"UNICEF, ECPAT və INTERPOL-un 2026-cı il tədqiqatına görə, son bir ildə ən azı 1,2 milyon uşağın şəkli süni intellekt vasitəsilə seksual xarakterli deepfake materialına çevrilib. Bəzi ölkələrdə bu göstərici hər 25 uşaqdan birinə bərabərdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...