Modern.az

Azərbaycan rəqəmsal iqtisadiyyat modelinə keçir - komitə sədri

Azərbaycan rəqəmsal iqtisadiyyat modelinə keçir - komitə sədri

Parlament

Bu gün, 16:03

Rəqəmsal iqtisadiyyata keçid Azərbaycanda yalnız texnoloji deyil, həm də hüquqi islahatlarla müşayiət olunur. Bu istiqamətdə yeni qanunvericilik bazasının formalaşdırılması rəqəmsal transformasiyanın əsas mərhələlərindən biri hesab edilir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq rəqəmsal iqtisadiyyat modelinə keçid mərhələsindədir və bu proses yalnız dövlət proqramları ilə deyil, möhkəm hüquqi baza ilə təmin olunmalıdır.

"Biz əslində yeni bir modelə – rəqəmsal inkişaf, rəqəmsal iqtisadiyyat modelinə keçirik. Bunun ilk növbədə hüquqi və qanunvericilik əsasları formalaşmalıdır."

Komitə sədri bildirib ki, rəqəmsal transformasiya dövlət idarəçiliyində, iqtisadiyyatda və cəmiyyətdə fundamental dəyişikliklər tələb edir və bunun üçün siyasi iradə əsas şərtdir.

A. Əmiraslanov qeyd edib ki, artıq bu istiqamətdə strateji sənədlər qəbul olunub, dövlət proqramları təsdiqlənib, institusional çərçivə yaradılıb və dövlət qurumlarının səlahiyyətləri müəyyənləşdirilib.

O vurğulayıb ki, prosesin ən vacib mərhələlərindən biri qanunvericilik islahatlarıdır.

"Artıq cənab Prezident tərəfindən rəqəmsal inkişafla bağlı qanunvericilik paketi parlamentə təqdim edilib. Bu, prosesin hüquqi mərhələyə keçdiyini göstərir. Amma qanunvericilik prosesinin davam etdirilməsi hələ uzun bir dövrü əhatə edəcək."

Deputatın sözlərinə görə, rəqəmsal iqtisadiyyat Azərbaycanın dayanıqlı iqtisadi inkişaf modelinin əsas elementlərindən biridir. O əlavə edib ki, son on ildə yaradılan rəqəmsal və texnoloji infrastruktur bu keçid üçün möhkəm zəmin formalaşdırıb və qarşıdakı mərhələdə həyata keçiriləcək islahatlar dövlət idarəçiliyinin səmərəliliyini, rəqəmsal cəmiyyətin formalaşmasını və iqtisadi artımı sürətləndirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...