Modern.az

Azərbaycanda hər 100 şirkətdən yalnız 72-sinin kompüteri var

Azərbaycanda hər 100 şirkətdən yalnız 72-sinin kompüteri var

Parlament

Bu gün, 16:21

Azərbaycanda rəqəmsallaşma sahəsində əldə olunan göstəricilər ölkənin bu istiqamətdə yeni mərhələyə keçdiyini göstərir. Son illərdə internetə çıxış imkanlarının genişlənməsi və rəqəmsal xidmətlərin artması bu sahədə əsas nailiyyətlərdən hesab olunur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə deputat Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsallaşmanın ilk mərhələsi uğurla başa çatıb.

"Əhalinin 88 faizi internet istifadəçisidir, ölkə 90 faiz genişzolaqlı internet şəbəkəsi ilə əhatə olunub. Hazırda 800 minə yaxın şagird rəqəmsal bacarıqların formalaşdırılması proqramları ilə əhatə edilir, xeyli sayda elektron xidmət fəaliyyət göstərir. Milli Məclisdə də demək olar ki, bütün proseslər elektronlaşıb".

Deputat bildirib ki, növbəti mərhələdə əsas məqsəd elektron xidmətlərin sayını artırmaq deyil, rəqəmsal texnologiyalar vasitəsilə məhsuldarlığı yüksəltmək, dövlət investisiyalarının iqtisadi səmərəliliyini ölçmək və məlumatı ölkənin strateji iqtisadi aktivinə çevirməkdir.

Mirkişili vurğulayıb ki, rəqəmsal iqtisadiyyat anlayışı təkcə İKT sektorundan ibarət deyil.

"İKT sektoru rəqəmsal iqtisadiyyatın kiçik bir hissəsidir. Hazırda Azərbaycanda İKT sektoru ümumi daxili məhsulun cəmi 2,8 faizini təşkil edir. Xidmət sahəsində çalışanların 2 faizi, qeyri-neft xidmət ixracının isə cəmi 1,7 faizi bu sektorun payına düşür. Əgər İKT sektoru bir yolda asfalt salmaqdırsa, rəqəmsal iqtisadiyyat həmin yoldan keçən bütün avtomobillərdir".

Onun sözlərinə görə, 2029-cu ilədək Azərbaycanda 630 müəssisənin rəqəmsal transformasiyadan keçməsi, 515 yeni startapın yaradılması və iqtisadiyyatda 100 minədək İKT mütəxəssisinin çalışması hədəflənir.

Deputat özəl sektorda rəqəmsallaşmanın hələ istənilən səviyyədə olmadığını da diqqətə çatdırıb.

"Bu gün Azərbaycan müəssisələrinin hər 100-dən cəmi 62-sinin internetə çıxışı var. Hər 100 şirkətdən cəmi 72-nin kompüteri, cəmi 11-nin isə internet səhifəsi var. Bu o deməkdir ki, bu istiqamətdə hələ çox iş görülməlidir".

Mirkişili hesab edir ki, biznes sektorunda texnologiyaların tətbiqinə dair ayrıca dövlət proqramının hazırlanmasına ehtiyac var. O, eyni zamanda dövlət satınalmalarında innovativ məhsul və startaplara daha çox üstünlük verilməsini təklif edib.

"Bu gün dövlət satınalmalarında qalib gələn təşkilatların 99 faizi ən ucuz qiymət prinsipi ilə seçilir. Artıq startaplara, innovasiyalara və yeniliklərə daha çox diqqət yetirməliyik".

Deputat qeyd edib ki, Azərbaycanda rəqəmsal xidmətlərə maraq sürətlə artır və cəmiyyət yeniliklərə açıqdır.

"Bu gün Azərbaycanda demək olar ki, mobil telefonu olmayan insan yoxdur. Hesab edirəm ki, kredit kartı olmayan insanların sayı da çox azdır. Rəqəmsal ödənişlər sürətlə yayılır və biz Cənubi Qafqazda yeniliklərə ən açıq cəmiyyətlərdən biriyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...