Rəqəmsal dövlət xidmətlərinin inkişafı çərçivəsində MyGov platformasının imkanları genişləndirilir. Yaxın aylarda vətəndaşlar platformada süni intellektlə təkcə yazışmayacaq, həm də səsli ünsiyyət qura biləcəklər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üzrə Fəaliyyət Planı dörd istiqaməti – dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizliyi əhatə edir.
Nazir müavini bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində ən vacib layihələrdən biri dövlətə məxsus vahid məlumat bazasının yaradılmasıdır.
"Hazırda fərqli dövlət qurumlarında məlumatlar müxtəlif formatlarda saxlanılır. Mərkəzləşdirilmiş məlumat bazası dövlət xidmətlərinin rəqəmsallaşmasına, süni intellekt tətbiqlərinə və xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək".
Rəşad Həsənov qeyd edib ki, xidmətlərin MyGov platformasında cəmlənməsi vətəndaşlar üçün proaktiv xidmətlərin göstərilməsini də asanlaşdıracaq.
"Məsələn, doğum hadisəsi qeydə alınan kimi məlumat avtomatik olaraq aidiyyəti dövlət qurumlarına ötürüləcək və vətəndaş şəhadətnamə, eləcə də müvafiq sosial ödənişlər üçün müraciəti elektron şəkildə tamamlaya biləcək".
Onun sözlərinə görə, ilin sonunadək yeddi dövlət xidmətinin MyGov platformasına inteqrasiyası başa çatdırılacaq.
Nazir müavini əlavə edib ki, MyGov platformasında artıq süni intellekt əsaslı çatbot fəaliyyət göstərir.
"Növbəti aylarda vətəndaşlar MyGov-da təkcə mətn deyil, həm də səs vasitəsilə sual verə biləcəklər. Süni intellekt onların müraciətlərini səsli formada cavablandıracaq. Həmçinin səsdən mətnə və mətndən səsə çevirmə funksiyaları da əlavə ediləcək".
Rəşad Həsənov bildirib ki, hazırda digər dövlət qurumlarında da süni intellekt həllərinin tətbiqi istiqamətində işlər aparılır və bu ilin sonunadək ilk nəticələrin ictimaiyyətə təqdim edilməsi gözlənilir.