Modern.az

Azərbaycan BMT-nin elektron hökumət reytinqində 9 pillə irəliləyib

Azərbaycan BMT-nin elektron hökumət reytinqində 9 pillə irəliləyib

Parlament

Bu gün, 16:53

Azərbaycanda rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar ölkənin texnoloji inkişafını sürətləndirməklə yanaşı, regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsi məqsədini dəstəkləyir. Bu istiqamətdə qəbul olunan strategiya və fəaliyyət planlarının icrası əsas prioritetlərdən hesab edilir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə deputat Zaur Şükürov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Fəaliyyət Planı ölkənin rəqəmsal transformasiyası üçün əsas yol xəritəsidir.

Onun sözlərinə görə, Azərbaycanda artıq rəqəmsal inkişaf üçün mühüm hüquqi və texnoloji baza formalaşıb.

“Hökumət buludu” istifadəyə verilib, 4 milyondan çox istifadəçisi olan SİMA biometrik rəqəmsal imzası tətbiq edilir. Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 2024-cü ildə 9 pillə irəliləyərək 74-cü yerə yüksəlib və 'çox yüksək inkişaf etmiş ölkələr' qrupuna daxil olub".

Z. Şükürov qeyd edib ki, Rəqəmsal İnkişaf Şurasının yaradılması və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuraya rəhbərlik etməsi bu sahədə institusional islahatların mühüm hissəsidir.

Deputat vurğulayıb ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı və startapların dəstəklənməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

O əlavə edib ki, rəqəmsal iqtisadiyyat strategiyasında rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafı və data əsaslı idarəetmənin genişləndirilməsi nəzərdə tutulur.

Şükürovun sözlərinə görə, həyata keçirilən tədbirlər Azərbaycanın yaxın illərdə regionun aparıcı rəqəmsal və innovasiya mərkəzlərindən birinə çevrilməsinə imkan yaradacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...