Azərbaycan gəmilərin ballast sularına dair beynəlxalq konvensiyaya qoşulur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "2004-cü il fevralın 13-də London şəhərində imzalanmış “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsini Milli Məclisin bugünkü plenar iclasında deputat Zaur Şükürov təqdim edib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən parlamentə təqdim olunan qanun layihəsi ilə ölkəmizin 2004-cü il fevralın 13-də London şəhərində imzalanmış "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyaya qoşulması nəzərdə tutulur. Konvensiya texniki hazırlıq və dövlətlərdə ratifikasiya prosedurlarının başa çatdırılması ilə əlaqədar 8 sentyabr 2017-ci ildə qüvvəyə minib və hazırda yüzə yaxın ölkə bu sənədin tərəfidir.
Zaur Şükürov qeyd edib ki, ballast suları gəminin sabitliyini, oturmasını və təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi çənlərdə daşınan sudur. Bu sularda olan zərərli su orqanizmləri və patogenlər müxtəlif dəniz mühitləri arasında yayılaraq ekoloji tarazlığın pozulmasına, biomüxtəlifliyə, balıqçılığa və insan sağlamlığına mənfi təsir göstərə bilər.
Deputatın sözlərinə görə, Konvensiyanın əsas məqsədi ballast sularında olan zərərli orqanizmlərin və patogenlərin yayılmasının qarşısını almaq, dəniz ekosistemini qorumaq və ballast sularının idarə edilməsinə dair vahid beynəlxalq hüquqi mexanizm yaratmaqdır.
Bildirilib ki, Konvensiyaya əsasən, onun tətbiq dairəsinə daxil olan gəmilər ballast sularının idarə olunması planına malik olmalı, bütün əməliyyatları xüsusi uçot kitabında qeyd etməli, beynəlxalq sertifikat almalı və mütəmadi yoxlamalardan keçməlidirlər. Ballast sularının idarə edilməsi beynəlxalq standartlara uyğun həyata keçirilməli, bunun üçün ballast sularının mübadiləsi və ya təsdiq edilmiş emal sistemlərindən istifadə olunmalıdır.
Layihədə insanların həyatının xilas edilməsi və ya gəminin təhlükəsizliyinin təmin olunması kimi hallarda ballast sularının axıdılmasına dair istisnaların da nəzərdə tutulduğu qeyd edilib.
Zaur Şükürov vurğulayıb ki, Azərbaycanın bu Konvensiyaya qoşulması ballast sularının və çöküntülərinin beynəlxalq standartlara uyğun idarə olunmasına, dəniz ekosisteminin mühafizəsinin gücləndirilməsinə və ölkənin beynəlxalq dəniz hüququndan irəli gələn öhdəliklərinin icrasına töhfə verəcək.
Məsələ səsə qoyularaq qəbul edilib.