Azərbaycanda kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozan fiziki və hüquqi şəxslər üçün yeni cərimələr müəyyənləşdirilir.
Modern.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda qəbul edilib.
Layihəyə əsasən, kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, informasiya infrastrukturunun subyektləri, internet informasiya ehtiyatlarının sahibləri, internet və host provayderlər kibertəhlükəsizliklə bağlı öhdəlikləri yerinə yetirmədikdə inzibati məsuliyyət daşıyacaqlar.
Dəyişikliklər kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların vaxtında təqdim edilməməsi, səlahiyyətli qurumun göstərişlərinin icra olunmaması, monitorinq və ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsi, kibertəhlükəsizlik üzrə ümumi və xüsusi tələblərin pozulması, eləcə də rəqəmsal tədqiqatların aparılmasına şərait yaradılmamasını inzibati xəta kimi müəyyən edir.
Bu hallara görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.
Bundan başqa, kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestrinə daxil edilmədən bu fəaliyyətin həyata keçirilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimələnəcəklər.
Layihəyə əsasən, bu müddəalar kritik informasiya infrastrukturu, dövlət orqanları, Mərkəzi Bank, kəşfiyyat və əks-kəşfiyyat subyektləri, eləcə də maliyyə bazarına nəzarət olunan qurumlara məxsus informasiya infrastrukturu və həmin qurumların yaratdığı kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə şamil edilməyəcək.
Qanun qəbul edilərsə, 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.