Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı qanun layihəsində vərəsəlik məsələləri və tətbiq mexanizmləri daha ətraflı tənzimlənməlidir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, torpaqların birləşdirilməsi həyata keçirildikdən sonra gələcəkdə vərəsəlik məsələləri də nəzərə alınmalıdır.
"Sabah həmin torpaq sahibinin bir neçə varisi ola bilər və nəticə etibarilə valideyndən sonra həmin əmlakın onlar arasında hansı qaydada bölüşdürüləcəyi mülki hüquqda öz əksini tapmalıdır", – deyə o bildirib.
Siyavuş Novruzov qeyd edib ki, digər mühüm məsələ bu sahə üzrə ətraflı nizamnamənin hazırlanmasıdır.
Onun sözlərinə görə, Almaniya və digər inkişaf etmiş ölkələrin torpaq konsolidasiyası sahəsində təcrübəsi öyrənilməli, bu prosesin necə təşkil olunduğu və davamlı şəkildə həyata keçirildiyi nəzərə alınmalıdır.
Komitə sədri vurğulayıb ki, torpaqların birləşdirilməsi həm ərzaq bolluğunun yaradılmasına, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. Bununla yanaşı, bütün məsələlərin kifayət qədər detallı şəkildə tənzimlənməsinin vacibliyini qeyd edib.
Siyavuş Novruzov xatırladıb ki, Azərbaycanda torpaq islahatının birinci mərhələsi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilib. O əlavə edib ki, hazırda da Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatına, fermerlərə və sahibkarlara ciddi dəstək göstərilir, güzəştli şərtlərlə cins mal-qara verilir, toxumçuluğun inkişafı və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir.
Deputat hesab edir ki, bütün bu məsələlər vahid nizamnamə şəklində formalaşdırılmalıdır və ikinci, üçüncü oxunuşadək bu təkliflərin qanun layihəsində əksini tapması məqsədəuyğun olardı.