Milli Məclisin deputatları parlamentdə müxtəlif seçki dairələrini təmsil etsələr də, onların əksəriyyəti qeydiyyatda olduqları və ya yaşadıqları ərazilərdə başqa deputatların seçicisidirlər.
Modern.az həmin deputatların öz seçicisi olduqları həmkarlarının fəaliyyəti barədə fikirlərini öyrənib.
46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova isə bildirib ki, hazırda yaşadığı ərazini 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Mehriban Vəliyeva təmsil edir. E. Akimova qeyd edib ki, son parlament seçkilərində məhz Mehriban Vəliyevaya səs verib:

“Onun fəaliyyətini ümumilikdə yüksək qiymətləndirirəm. Düşünürəm ki, seçicilərlə mütəmadi əlaqə saxlayır, onların müraciətlərini diqqətlə dinləyir və problemlərinin həlli istiqamətində əlindən gələni edir. Sosial məsələlərə həssas yanaşması, insanlarla səmimi ünsiyyəti və üzərinə düşən məsuliyyəti vicdanla yerinə yetirməsi təqdirəlayiqdir. İnanıram ki, bundan sonra da seçicilərinin etimadını doğruldaraq birlikdə təmsil etdiyimiz Sumqayıt şəhərinin inkişafı və insanların rifahı naminə fəaliyyətini uğurla davam etdirəcək” – deyə o bildirib.

"Deputat olmamışdan əvvəl də ona səs vermişdim"
27 saylı Sabunçu ikinci seçki dairəsini Milli Məclisdə təmsil edən Arzuxan Əlizadə isə bildirib ki, qeydiyyatda olduğu ərazi 26 saylı Sabunçu birinci seçki dairəsinə daxildir. O, açıqlamasında həm əvvəlki parlament seçkilərində, həm də son seçkilərdə 26 saylı dairədən deputat seçilən Fazil Mustafaya səs verdiyini deyib.
A. Əlizadə Fazil Mustafanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:
"Fazil Mustafa uzun illərdir həmin dairəni təmsil edir və uğurlu fəaliyyət göstərir. Həm parlamentdəki işi, həm də seçicilərlə davamlı təmasda olması baxımından onun fəaliyyətindən razıyam. Mən həm əvvəlki seçkilərdə, həm də son parlament seçkilərində ona səs vermişəm", – deyə deputat qeyd edib.

"Yaxşı yadıma saldınız, problemləri ona deyəcəyəm"
81 saylı İmişli seçki dairəsini Milli Məclisdə təmsil edən Razi Nurullayev isə bildirib ki, yaşadığı ərazi 8 saylı Binəqədi birinci seçki dairəsinə daxildir və həmin dairənin deputatı Azay Quliyevdir.
"Siz əslində bunu deməklə mənə bir məsələni xatırlatdınız. Heç bu barədə düşünməmişdim. İndi gedib baxacağam ki, yaşadığım ərazidə hansı problem var, varsa da Azay müəllimə müraciət edəcəyəm", – deyə deputat bildirib.

43 saylı Sumqayıt ikinci seçki dairəsini Milli Məclisdə təmsil edən Tahir Mirkişili səsvermədə 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsində iştirak edib. Buna səbəb deputatın qeydiyyat ünvanının Qubadlı rayonu olmasıdır. Tahir Mirkişili saytımıza açıqlamasında bildirib ki, 2020 və 2024-cü illərdə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Ceyhun Məmmədova səs verib.

"Seçkilərdə Göydəniz Qəhrəmanova yox YAP-ın namizədinə səs vermişdim"
121 saylı Laçın seçki dairəsini Milli Məclisdə təmsil edən Rövşən Muradov bildirib ki, qeydiyyatda olduğu ərazi 17 saylı Yasamal üçüncü seçki dairəsinə daxildir və həmin dairənin deputatı Göydəniz Qəhrəmanovdur.
Rövşən Muradov vurğulayıb ki, 2024-cü il parlament seçkilərində həmin dairədə Yeni Azərbaycan Partiyasının başqa namizədi Zaman Məmmədovasəs verib. O, bunu partiyanın üzvü olması ilə izah edib.
Deputat bildirib ki, seçkilərdən sonra Göydəniz Qəhrəmanovun fəaliyyətini yaxından izləyib və onun işi barədə müsbət rəy formalaşdırıb:
"Müxtəlif tədbirlərdə və parlamentin komitə iclaslarında birlikdə iştirak edirik. Görürəm ki, Göydəniz müəllim seçiciləri ilə mütəmadi görüşür, onların müraciət və problemləri ilə maraqlanır. Eyni zamanda parlamentdə, xüsusilə beynəlxalq əməkdaşlıq və qanunvericilik fəaliyyəti istiqamətində fəallığı ilə seçilir. Qanun layihələrinin müzakirələrində daim aktiv iştirak edir, yeni təkliflərlə çıxış edir. Hesab edirəm ki, Yasamal seçicilərinin fəal, bilikli və məsuliyyətli deputatı var", – deyə R.Muradov bildirib.

"Hər iki xanım deputatdan razıyam"
37 saylı Qaradağ seçki dairəsini Milli Məclisdə təmsil edən Aydın Hüseynov bildirib ki, qeydiyyatda olduğu Lökbatan qəsəbəsi 36 saylı Qaradağ üçüncü seçki dairəsinə daxildir və həmin dairənin deputatı Səbinə Xasıyevadır.
Deputat açıqlamasında Səbinə Xasayevanın fəaliyyətini yüksək qiymətləndirib:
"Tam səmimiyyətlə deyə bilərəm ki, Səbinə xanım seçicilərinin etimadını qazanıb. O, mütəmadi olaraq seçiciləri ilə görüşür, yaşadığı ərazinin problemləri ilə maraqlanır və onların həlli istiqamətində çalışır", – deyə deputat bildirib.
A.Hüseynov doğulduğu Tovuz rayonunun Çatax kəndinin isə 107 saylı Tovuz–Qazax–Ağstafa seçki dairəsinin deputatı Ülviyyə Ağayeva tərəfindən təmsil olunduğunu qeyd edib. O, Ülviyyə Ağayevanın da seçicilərlə sıx təmasda olduğunu bildirib:
"Ülviyyə xanım seçiciləri ilə mütəmadi görüşür və onların problemləri ilə daim maraqlanır. Mənim doğmalarımın və qohumlarımın əksəriyyəti həmin ərazidə yaşayır. Onlardan eşitdiklərimə əsasən deyə bilərəm ki, Ülviyyə xanım seçicilərinin böyük rəğbətini qazanıb", – deyə A.Hüseynov vurğulayıb.

"Ziyad Səmədzadəyə səs vermişəm, bir-birimizin fəaliyyətini dəstəkləməliyik"
33 saylı Xətai birinci seçki dairəsini Milli Məclisdə təmsil edən Zahid Oruc bildirib ki, qeydiyyatda olduğu ərazi 23 saylı Nəsimi–Səbail seçki dairəsinə daxildir və həmin dairənin deputatı Ziyad Səmədzadədir.
Zahid Oruc deyib ki, həm əvvəlki çağırış dövründə, həm də 2024-cü il sentyabrın 1-də keçirilən parlament seçkilərində Ziyad Səmədzadəyə səs verib.
Deputat Ziyad Səmədzadənin fəaliyyətinə də toxunan Z.Oruc onun parlamentdə alim və iqtisadçı kimi zəngin təcrübəyə malik olduğunu bildirib:
"Ziyad müəllim uzun illərdir dövlət quruculuğu prosesində iştirak edən, iqtisadi və sosial məsələlər üzrə elmi araşdırmaları ilə tanınan ziyalıdır. Parlament fəaliyyəti isə kifayət qədər dinamikdir. Buraya qanunvericilik işi, büdcə müzakirələri, hökumət qarşısında qaldırılan məsələlər, beynəlxalq əlaqələr və seçicilərlə davamlı təmas daxildir. Hesab edirəm ki, Milli Məclis üzvlərinin fəaliyyətinə ən obyektiv qiyməti seçicilər verir. Biz kollegial qurumun üzvləri olaraq bir-birimizin fəaliyyətini dəstəkləməli, parlamentin ictimai-siyasi təşəbbüskarlığını gücləndirmək üçün birgə çalışmalıyıq", – deyə Zahid Oruc qeyd edib.