Modern.az

“Kraudfandinq” sözünə etiraz edildi - parlamentdə debat

“Kraudfandinq” sözünə etiraz edildi - parlamentdə debat

Parlament

Bu gün, 11:46

Milli Məclisdə müzakirəyə çıxarılan "Kraudfandinq haqqında" qanun layihəsinin adı deputatlar arasında müzakirəyə səbəb olub.

Modern.az xəbər verir ki, plenar iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsi Azərbaycan qanunvericiliyinə yeni beynəlxalq hüquqi anlayışlar gətirir və bu terminlərin dəyişdirilməsi məqsədəuyğun deyil.

Onun sözlərinə görə, bu anlayışlar beynəlxalq praktikada istifadə olunur və qanunda onların izahı verildiyi üçün əlavə tərcüməyə ehtiyac yoxdur. Əli Hüseynli qeyd edib ki, terminlərin dəyişdirilməsi qanunun effektiv tətbiqinə mane ola bilər.

Deputat Hikmət Babaoğlu isə bu yanaşma ilə razılaşmayaraq "Kraudfandinq haqqında" qanunun adının dəyişdirilməsini təklif edib. O bildirib ki, "kraudfandinq" termini vətəndaşlar üçün kifayət qədər anlaşılan deyil və onun əvəzinə "kollektiv maliyyələşdirmə" və ya "ictimai maliyyələşdirmə" ifadələrinin işlədilməsi daha məqsədəuyğun olardı.

Deputat vurğulayıb ki, xarici terminlərin sürətlə dilə daxil olması Azərbaycan dilinə təsir göstərir. Onun fikrincə, qanunların adı və terminologiyası vətəndaşların rahat başa düşəcəyi formada olmalıdır.

Hikmət Babaoğlu qanun layihəsinin "İctimai maliyyələşdirmə haqqında" və ya "Kollektiv maliyyələşdirmə haqqında" adlandırılmasını təklif edib.

Deputat Aydın Mirzəzadə də bu təklifə dəstək verərək bildirib ki, qanunun adı daha sadə və anlaşılan olmalıdır. O, layihənin "Özəl təşəbbüsə maliyyə dəstəyi qurumları haqqında" adlandırılmasını təklif edib.

Aydın Mirzəzadə qeyd edib ki, qanun kiçik sahibkarlar üçün nəzərdə tutulduğundan istifadə olunan terminlər onların asan başa düşəcəyi dildə olmalıdır. O bildirib ki, kraudfandinq riskli maliyyələşdirmə mexanizmi olduğundan iştirakçılar bu risklər barədə əvvəlcədən məlumatlandırılmalı, onların hüquqları qanunda daha dəqiq tənzimlənməlidir. Deputat eyni zamanda qanunun geniş şəkildə təbliğ edilməsinin vacibliyini də vurğulayıb.

Müzakirələr zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə qanun layihəsinin adının dəyişdirilməsinin məqsədəuyğun olmadığını bildirib. Onun sözlərinə görə, beynəlxalq terminləri tam milliləşdirmək cəhdləri qanunun mahiyyətinin təhrif olunmasına səbəb ola bilər.

Azər Əmiraslanov qeyd edib ki, "kraudfandinq" anlayışındakı "crowd" sözü "kütləvi" mənasını ifadə edir və bunun "kollektiv" və ya "ictimai maliyyələşdirmə" kimi təqdim edilməsi eyni məzmunu əks etdirmir. O vurğulayıb ki, belə dəyişikliklər qanun layihəsinin mahiyyəti ilə bağlı anlaşılmazlıq yarada bilər.

Komitə sədri əlavə edib ki, beynəlxalq leksikonda qəbul edilmiş terminlərin olduğu kimi saxlanılması daha məqsədəuyğundur. Onun fikrincə, bu, qanunun gələcəkdə beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilməsi zamanı da hər hansı anlaşılmazlığın yaranmasının qarşısını alacaq. Azər Əmiraslanov bununla yanaşı, səsləndirilən təkliflərə görə deputatlara təşəkkürünü bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!