Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfəri Bakı-Bişkek münasibətlərinin müxtəlif istiqamətləri ilə yanaşı, parlamentlərarası əməkdaşlığın hazırkı vəziyyətini də gündəmə gətirib.
Son illərdə Azərbaycan və Qırğızıstan arasında siyasi dialoqun intensivləşməsi parlamentlər səviyyəsində təmasların da genişlənməsi ilə müşayiət olunur. Deputatların qarşılıqlı səfərləri, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti, beynəlxalq parlament platformalarında əməkdaşlıq və qarşılıqlı dəstək iki ölkə münasibətlərinin mühüm istiqamətlərindən biri kimi çıxış edir.
Mövcud mərhələdə parlamentlərarası təmasların hansı səviyyədə olduğu, son görüşlərdə müzakirə edilən məsələlər, eləcə də yaxın dövr üçün nəzərdə tutulan qarşılıqlı səfər və yeni təşəbbüslər diqqət çəkir.
Bu istiqamətdə mövcud vəziyyəti, son təmasları və qarşıdakı prioritetləri Modern.az-a şərh edən Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov qeyd edib ki, Azərbaycan və Qırğızıstan deputatları arasında kifayət qədər fəal və ciddi təmaslar mövcuddur.
Onun sözlərinə görə, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti, qarşılıqlı səfərlərin təşkili və müxtəlif platformalarda qarşılıqlı dəstəyin göstərilməsi bu əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
“Azərbaycan və Qırğızıstan deputatları arasında çox ciddi təmaslar mövcuddur. Nəzərə alsaq ki, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir, burada qarşılıqlı səfərlərin keçirilməsi, eyni zamanda müxtəlif platformalarda qarşılıqlı dəstək elementləri kifayət qədər fəal şəkildə özünü göstərir. Bu baxımdan əminliklə deyə bilərəm ki, deputatlar arasında təmaslar yüksək səviyyədə qurulub”.
A.Allahverənov bildirib ki, iki ölkə parlamentlərinin rəhbərləri arasında mövcud təmaslar da xüsusi əhəmiyyət daşıyır:
“Son dövrlərdə parlamentlərarası işçi qrupu çərçivəsində keçirilən görüşlərin sayı da artıb. Bu isə onu göstərir ki, iki dövlət arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədə həyata keçirilir. Qanunverici orqanlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi də məhz Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın daha yüksək səviyyədə təmin olunmasına xidmət edir”.
Deputat qeyd edib ki, parlamentlərarası əməkdaşlıq çərçivəsində müzakirə olunan ortaq mövzular arasında regional təhlükəsizlik və Türk Dövlətləri Təşkilatı platformasında qaldırılan məsələlər də var:

“Burada ortaq mövzular kifayət qədər genişdir. Xüsusilə regional təhlükəsizlik məsələlərini, eləcə də Türk Dövlətləri Təşkilatı platformasında qaldırılan məsələlərin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətində də əksini tapmasını qeyd edə bilərik. Aktual məsələlərin mövcudluğu müxtəlif beynəlxalq platformalar vasitəsilə iki ölkə arasında əlaqələrin daha da intensivləşdirilməsini zəruri edir. Bu baxımdan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun kifayət qədər fəal olduğunu görürük”.
A.Allahverənov yaxın dövrdə qarşılıqlı səfərlərin və birgə görüşlərin davam etdirilməsinin nəzərdə tutulduğunu da bildirib.
“Parlamentlərarası əməkdaşlığın prioritet istiqamətləri artıq müəyyənləşib. Şübhəsiz ki, qarşılıqlı səfərlər və birgə iclasların keçirilməsi müxtəlif platformalar üzərindən daha intensiv xarakter almaqdadır. İkitərəfli qarşılıqlı səfərlərə gəldikdə isə düşünürəm ki, bu istiqamətdə də müəyyən addımların atılması nəzərdə tutulur”.
Deputat əlavə edib ki, qarşıdakı payız sessiyasında bu məsələlərlə bağlı daha konkret fikir söyləmək mümkün olacaq:
“Parlamentin payız sessiyası işə başladıqdan sonra bu mövzu ətrafında daha dəqiq fikir söyləmək mümkün olacaq. Müəyyən planlar var və həmin planlar iki ölkənin parlamentariləri arasında əlaqələrin həm müxtəlif platformalar, həm də parlamentlərarası əlaqələr üzrə işçi qrupu vasitəsilə davam etdirilməsini nəzərdə tutur”.
A.Allahverənov onu da vurğulayıb ki, deputatlar arasında münasibətlər yalnız parlamentlərarası işçi qrupu ilə məhdudlaşmır:
“Eyni zamanda müxtəlif təsisatlar, diplomatik korpus və digər istiqamətlər üzrə deputatlar arasında olan əlaqələri də xüsusi qeyd etmək lazımdır. Düşünürəm ki, bütün bunlar münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar yaradır. Nəticə etibarilə iki ölkənin deputatlarını düşündürən və narahat edən məsələlər ətrafında fikir mübadiləsinin aparılmasına şərait yaranır”.