Slovakiyada dövlət universitetlərində slovak dilində təhsil alan xarici tələbələr, o cümlədən Aİ üzvü olmayan ölkələrin vətəndaşları da ödənişsiz ali təhsil ala bilərlər.
Modern.az xəbər verir ki, Slovakiya son illərdə Avropada təhsil almaq istəyən gənclər üçün diqqətçəkən istiqamətlərdən birinə çevrilib. Bunun əsas səbəbləri arasında ölkənin Avropa İttifaqına üzv olması, nisbətən aşağı yaşayış xərcləri, təhlükəsiz mühit və tələbələr üçün geniş imkanlar göstərilir.
Məlumata görə, Slovakiyada dövlət universitetlərində ingilis və ya alman dillərində təhsil ödənişli olsa da, slovak dilində təhsil pulsuzdur. Bunun üçün tələbələrin ən azı B1-B2 səviyyəsində dil biliyinə malik olması tələb edilir. Hüquq və tibb kimi ixtisaslarda isə C1 səviyyəsi tələb oluna bilər.
Ölkədə 21 dövlət universiteti fəaliyyət göstərir və humanitar, texniki, təbiət elmləri də daxil olmaqla minlərlə proqram üzrə seçim imkanı mövcuddur. Ən nüfuzlu ali məktəblər sırasında Bratislavadakı Komenski Universiteti, Slovakiya Texniki Universiteti, Koşitse Texniki Universiteti, Matey Bel Universiteti və Preşov Universiteti göstərilir.
Tələbələr təhsil aldıqları müddətdə Slovakiya tələbə yaşayış icazəsi ilə Şengen zonasında vizasız səyahət imkanına malik olurlar. Bundan başqa, Slovakiyada aylıq yaşayış xərclərinin orta hesabla 500-700 avro arasında dəyişdiyi bildirilir.
Universitetə qəbul üçün abituriyentlər elektron ərizə, tərcümə və təsdiq edilmiş attestat, qeydiyyat ödənişi qəbzi, dil biliyini təsdiq edən sənəd və bəzi hallarda motivasiya məktubu və ya portfolio təqdim etməlidirlər.
Qeyd olunur ki, Slovak dilini öyrənmək və qəbul prosesinə hazırlaşmaq üçün müxtəlif hazırlıq proqramları mövcuddur. Bu proqramların qiymətləri isə formatdan asılı olaraq 1800 avrodan başlayaraq 9277 avroya qədər dəyişir.