2025-ci ilin məzunları arasında riyaziyyat fənni üzrə ən yüksək nəticə Yardımlı rayonunda qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan elmi-statistik materiallarda yer alıb.
Məlumata görə, Yardımlı rayonu riyaziyyat fənni üzrə düzgün cavabların orta faiz göstəricisinin 37 faizdən yuxarı olduğu yeganə rayon olub.
İsmayıllı və Xızı rayonlarında bu göstərici 34-37 faiz intervalında qeydə alınıb. Bakı, Abşeron, Qobustan, Siyəzən, Şabran, Qəbələ, Şəki, Zaqatala, Ordubad və Culfa rayonlarında orta nəticə 31-34 faiz arasında dəyişib.
Kürdəmir, Sabirabad, Saatlı, Salyan, Neftçala, Masallı, Lerik, Lənkəran, Qazax, Gədəbəy, Daşkəsən, Laçın və Şahbuz rayonlarında riyaziyyat fənni üzrə düzgün cavabların orta faizi 28-31 faiz intervalında olub. Ağstafa, Tovuz, Samux, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Ağcabədi, İmişli, Beyləqan, Füzuli, Şuşa,
Kəlbəcər, Şərur, Sədərək, Şamaxı, Ağsu, Hacıqabul və Şirvan rayonlarında bu göstərici 25-28 faiz təşkil edib. Kəngərli, Babək, Naxçıvan şəhəri, Şəmkir, Göygöl, Ağdam və Xocavənd rayonlarında orta nəticə 22-25 faiz arasında olub.
Ən aşağı göstəricilər isə Tərtər və Xocalı rayonlarında qeydə alınıb. Həmin rayonlarda riyaziyyat fənni üzrə düzgün cavabların orta faizi 22 faizdən aşağı olub.
Qeyd edək ki, təqdim olunan göstəricilər 2025-ci ilin məzunları olan Azərbaycan bölməsi abituriyentlərinin qəbul imtahanlarında riyaziyyat fənni üzrə verdikləri düzgün cavabların orta faizini əks etdirir.