2026-cı ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 114 müəssisə və təşkilatda (40 ali təhsil müəssisəsi, 74 elmi müəssisə və təşkilat) doktoranturalar fəaliyyət göstərib və onlarda 50,9 faizi qadın olmaqla 3123 nəfər təhsil alıb. Onların 85,0 faizi fəlsəfə doktoru, 15,0 faizi isə elmlər doktoru proqramları üzrə olub.
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, təhsil alanların 85,0 faizi fəlsəfə, 15,0 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb:
"Təhsil alanların 34,0 faizi elmi müəssisə və təşkilatlarda, 66,0 faizi isə ali təhsil müəssisələri üzrə doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 30,3 və 69,7 faiz, elmlər doktoru proqramı üzrə isə 54,9 və 45,1 faiz təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2653 nəfərin 470-i iqtisad, 454-ü texnika, 248-i filologiya, 191-i tibb, 152-si pedaqogika, 130-u biologiya, 120-si siyasi, 115-i hüquq, hər birində 110 nəfər olmaqla 220-si tarix və yer elmləri, 82-si kimya, 80-ni riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
Doktorantların 75 nəfəri filologiya, 64 nəfəri biologiya, 47 nəfəri iqtisad, 40 nəfəri texnika, hər birində 28 nəfər olmaqla 56 nəfəri kimya və tarix, 27 nəfəri hüquq, 26 nəfəri tibb, 21 nəfəri yer elmləri, 19 nəfəri aqrar, 17 nəfəri pedaqogika, 13 nəfəri fizika, 11 nəfəri riyaziyyat, qalanları isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır".
Qurumun məlumatında qeyd olunub ki, 2024-cü illə müqayisədə 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 41,4 faiz artaraq 707 nəfər, elmlər doktoru proqramı üzrə isə 30,1 faiz artaraq 173 nəfər təşkil edib:
"Bununla yanaşı, 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə 147 dissertant təhkim olunmuşdur ki, onların da 74,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 73 nəfəri qadın olmaqla 120 nəfər təşkil etmişdir. Dissertantların əsas hissəsi tibb, hüquq, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya elmləri üzrə təhkim olunub".