Bəzi müəllimlərin həftəlik dərs yükünün kəskin aşağı olması onların orta aylıq əməkhaqqı məbləğinin az olmasına birbaşa təsir göstərir.
Modern.az xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, müəllimlərin 12%-ni təşkil edən 14 372 nəfər həftədə orta hesabla cəmi 8 saat dərs keçdiyi üçün 500 manata qədər əməkhaqqı alır. Ölkədə ən böyük müəllim kütləsi isə 500-1000 manat aralığında maaş cəlb edir. Bu kateqoriyaya daxil olan 45 126 nəfər həftəlik orta hesabla 17 saatlıq dərs yükünə malikdir. Onlar ümumi müəllimlərin 39%-ini təşkil edir.
“Eyni zamanda, həftəlik dərs saatı artdıqca müəllimlərin gəlir səviyyəsinin də ciddi şəkildə yüksəlir. Belə ki, həftədə orta hesabla 25 saat dərs deyən 40 240 müəllim hər ay 1000-1500 manat arası maaş əldə edir. Həftəlik dərs yükü 31 saat olan 14 228 nəfər müəllim isə 1500-2000 manat aralığında əməkhaqqı qazanır. Ölkədə ən yüksək gəlir qrupuna daxil olan və 2000 manatdan daha artıq maaş alan müəllimlərin sayı isə 1 426 nəfərdir. Ümumi heyətin 1%-ni təşkil edən bu müəllimlərin həftəlik orta dərs saatı 34 saat səviyyəsindədir”.