Modern.az

MİQ imtahanlarının tarixi bu həftə açıqlanacaq - ÖZƏL

MİQ imtahanlarının tarixi bu həftə açıqlanacaq - ÖZƏL

Təhsil

Bu gün, 12:35

Bu həftə ərzində Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının növbəti mərhələsinin tarixi ictimaiyyətə açıqlanacaq.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov bildirib. 

Agentlik rəhbərinin sözlərinə görə, cari ildə imtahan üçün 40 mindən çox namizəd qeydə alınıb. Hazırda namizədlərin təhsil sənədləri, şəxsi məlumatları və digər zəruri sənədləri emal olunur. Bu proses başa çatan kimi, həftənin sonuna qədər müvafiq elan veriləcək.

Eşqi Bağırov builki yeniliklərə də toxunub. O qeyd edib ki, bu il ilk dəfə MİQ-də ödəniş sisteminə keçildiyi üçün namizədlər arasında prosesin necə baş tutacağı ilə bağlı hələ də suallar mövcuddur:

“Bununla əlaqədar olaraq yaxın günlərdə həm video, həm də yazılı təlimatlar təqdim ediləcək. Eyni zamanda, hərbi xidmətlə bağlı namizədlərə müvafiq müddət veriləcək və onlara mümkün qədər lazımi dəstək göstəriləcək”. 

Direktor tarixlərin elan olunmasındakı yubanma amillərinə də aydınlıq gətirib:

"Gecikmənin səbəbi builki imtahanın ödənişli olması ilə bağlı deyil. Bundan əvvəl 20 mindən çox namizədin iştirak etdiyi sertifikatlaşdırma imtahanları təşkil olunmuşdu. Bundan əlavə, IV və VI sinif şagirdlərimiz üçün irimiqyaslı monitorinq imtahanları keçirmişdik. MİQ imtahanları ənənəvi olaraq iyul ayında keçirilir. Əvvəlki illərlə müqayisədə qeydiyyatın yoxlanılmasında 1-2 günlük gecikmə ola bilər. Lakin əsas hədəfimiz odur ki, sentyabrın 15-nə, yəni yeni tədris ilinin başlanmasına qədər ölkə üzrə müəllim ehtiyacını tam qarşılayıb, məktəblərimizin müəllim təminatını yüksək səviyyədə yerinə yetirək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada