Zəif oxuyan şəxsin gələcəkdə müəllimlik etməsi problemdir.
Modern.az xəbər verir ki, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, vaxtilə özü zəif oxuyan və aşağı göstəricilərə malik olan şəxslərin gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olması təhsilin keyfiyyəti baxımından ciddi çətinliklər yaradır:
"Mənim üçün, vaxtilə sinifdə əlaçı olmayan birinin bu gün müəllimlik etməsi problemdir. Çünki zəif oxuyan şəxsin sinif rəhbəri və ya müəllim olması əlaçı mədəniyyətini, o təfəkkürü və davranışı şagirdlərə ötürmək baxımından çətinlik yaradır. Sinifdə yaxşı oxuyan, əlaçı olan şəxslərin müəllimlik etməsi tamamilə başqa bir mühit formalaşdırır. Amma ali məktəbi və ya məktəbi “kafi” qiymətlərlə bitirən birinin sinifdə müəllimlik etməsini mən fərqli bir problem kimi görürəm".
Emin Əmrullayev vurğulayıb ki, səsləndirdiyi fikirlərin əsas qayəsi gələcək nəsillərin savadlı yetişməsində rol oynayacaq müəllimlərin seçilməsidir. Nazirin sözlərinə görə, təhsil sistemində atılan addımlar məhz əlaçıların və yaxşı oxuyan namizədlərin müəllimliyə cəlb olunmasını stimullaşdırmağa və yüksək nəticə göstərən nəsillər yetişdirməyə xidmət edir.